Ru
13:50 / 11 Avqust 2022

Bakı aeroportunda nə baş verib? - Jurnalistdən sensasion İDDİA

10292
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanında Aeroportunun elektrik enerji təchizatında problem yaranıb.


Sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması dayanıb və ehtiyat enerji mənbəyindən istifadə edilib. Sosial şəbəkələrdə AZAL-da sistemin işləməməsi ilə bağlı məlumat yayılıb. Yaranan problem hava limanında sıxlığa səbəb olub. Sərnişinlər öz yüklərini almaq üçün saatlarla gözləmyə məcbur olublar.



Hava limanında problemlə qarşılaşanlardan biri də həmkarımız Fira Cəlilova olub.


O, Bakupost.az -a bildirib ki, yaranmış problemə görə öz baqajını 3 saatdan sonra ala bilib.

“Saat 11:00-da Antalyadan Bakıya uçduq. 14:10-da hava limanında idik. Hətta sevindik ki, tez gəlmişik. Çox təəssüf ki, qarşıda bizi hansı problemin gözlədiyindən xəbərsiz idik. Təyyarədən düşən anda eskalatorlar işləmədi. Əllərində çamadanlar, qucağında uşaqlar, yaşlı-cavan hər kəs bir-birinə qarışdı. Girişdə eskalator və liftlərin heç biri çalışmadı. Bizdən öncə ard-arda gələn reyslərdən düşən insanlar da baqajlarını ala bilməmişdi. Təsəvvür edin, işıq var, amma heç bir monitor, lift, eskalator və kondisonerlər işləmirdi. İçəri isti, insanlar kütləvi şəkildə baqaj gözləyir, hələ bizdən sonra yenə insan axını dayanmırdı. Biz saat 18:00-da yüklərimizi aldıq və və hava limanından çıxdıq”.


Jurnalist hesab edir ki, hava limanı bu kimi fors-major hallara hazır deyil:

“Bəzən fors-major hallar olur və mən ilk dəfə belə bir hadisə yaşadım. Bir-iki dəfə işıq sönüb-yana bilər. Lakin avtomatik olaraq bu problem həll olunmalıdır. Ancaq hava limanı, orada çalıçanlar bu vəziyyətə hazırlıqlı deyildi. Halbuki bütün ekstrimal vəziyyətlərə hazır olunmalıydı. İstənilən hal - yanğın, terror, qəza şəraiti ola bilərdi. Onlar sərnişinlərə bu vəziyyətdə necə xidmət göstərməli, nə etməli olduğunu bilməlidirlər. Lakin əməkdaşlar məlumatlı olmadığı üçün sərnişinləri də məlumatlandıra bilmirdilər. İnanın ki, oradakı sərnişinlərin səbrinə heyran qaldım”.

F.Cəlilova hava limanında İT problemi, daha dəqiqi, kompüter sisteminə kənardan müdaxilə olduğunu düşünür:


“Bizə məlumat verdilər ki, işıq problemi var, generatorlar çatdırmır. Enerji qıtlığı olduğu üçün sistem işləmir. Ona görə də yalnız işığı yandıra biliblər. Bu sistemi yaxşı bilmirəm. Amma anladığım qədər monitor çalışmırsa, bu artıq ümumilikdə kommunikasiya sisteminin çalışmaması deməkdir. Yəni, kompüterlərin, monitorların, aparatların çalışmaması artıq ciddi bir problemdir. Demək ki, burada təkcə elektrik problemi deyil. Bəlkə də yalandan elektrikin üzərinə atıblar. Orada ciddi bir problem var idi. Təsəvvür edin, onların öz işçiləri belə bunun qlobal problem olduğunu deyirdilər. Biz həyatımızda belə problem yaşamamışıq. Nəsə İT problemi, kompüter sisteminə kənardan müdaxilə olunma kimi ciddi bir hal idi. Çünki heç bir kompüter çalışmırdı”.


Baş verənlərlə bağlı hava limanının açıqlaması isə belə olub:


"Elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi".






Fərid
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər