Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.
Bakupost.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə hədiyyələr də təqdim ediləcək", -o bildirib.
Bu arada TƏBİB "Bakı Metropoliteni"nin “20 Yanvar” stansiyasında doğulan körpə ilə bağlı məlumat yayıb.
Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.
36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.