Ru
13:14 / 08 Avqust 2025

“Həmin Palatanın belə səlahiyyəti yoxdur”

“Həmin Palatanın belə səlahiyyəti yoxdur”
Eye

“Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur”.

Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən “Azərekspertiza” Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində yer alıb.

50 ildən çoxdur fəaliyyət göstərən birlik iddia edir ki, bu müdaxilələr qiymətləndirici təşkilatlara yəni hüquqi şəxslərə yönəlir: “Belə ki, Qiymətləndiricilər Palatasının rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində bəzi təşkilatların, yəni hüquqi şəxslərin adlarının yer alması açıq şəkildə səlahiyyətin aşılmasıdır. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir” - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır.

Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici – bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur”.

Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarının əks olunduğu Qiymətləndirmə fəaliyyəti haqqında Qanunla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

“Azərekspertiza”dan verilən açıqlamada bildirilib ki, qiymətləndirmə sahəsində şəffaflıq və qanunlara əsaslanan fəaliyyət, bu sahədə etibarlılığın və ictimai inamın təminatı üçün əsas şərtlərdəndir: “Bu məqsədlə yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatasının missiyası peşəkar qiymətləndiricilərin hazırlanması və reyestrə salınması, fəaliyyətin tənzimlənməsi və nəzarəti, beynəlxalq standartların tətbiqi və dövlət-özəl sektor üçün etibarlı qiymətləndirmə sisteminin qurulması kimi ictimai maraqlara xidmət etməlidir.

Palatanın bu addımı qanunvericiliyin pozulmasıdır. “Azərekspertiza” Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. “Azərekspertiza” Birliyi ilə AQP sədrinə mənsub şirkətlərlə eyni lahiyələrdə uzun illərdir xidmət göstəririk. Palata tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan qərarın məqsədi bizim təşkilatı həmin lahiyələrdən uzaqlaşdırmaqdır.

Palatanın rəhbərinin bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət – fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb.

Palatanın bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək.

Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur. Qiymətləndiricilər Palatası kimi institutların əsas funksiyası qanunlara uyğun şəkildə tənzimləmə və dəstək verməkdir. Hüquqdankənar səlahiyyət tətbiq etməklə görülən fəaliyyətlər isə yalnız şəxsi maraqların güdüldüyünü göstərir”.

İttihamlarla əlaqədar Azərbaycan Qiymətləndiricilər Palatasına da sorğu ünvanlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar