Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

1032

 
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev, bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə  Rövşən İsmayılov şahid qismində ifadə verib. O deyib ki, 2002-2012-ci illər arasında bankın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb:  "İşim bankda maliyyə məsələlərinə nəzər yetirib, məlumat vermək olub. Əməliyyatlara xəzinədarlıq departamenti nəzarət edirdi. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialında kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə olunub".
Məhkəmədə bankın Kredit Komitəsinin üzvü Şahin Rəsulov deyib ki, komitənin iclaslarında heç vaxt iştirak etməyib: "Mənə sənədlər gəlirdi.  İstəsəm də, istəməsəm də imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi. Əmək haqqım isə 2500 manat idi".

Şahid qismində məhkəməyə dəvət olunan Rəşad Hacıyevin məhkəməyə teleqramla müraciət edərək hazırda ölkə xaricində olduğunu, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. 
Hakim həmçinin qeyd edib ki,  şahid Rauf Xəlilov hazırda Kanadadadır, lakin o, bununla bağlı məhkəməyə teleqram göndərməyib. 

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi "Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib. 

 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər