Ru
15:06 / 19 Dekabr 2025

Ceyhunun ölüm işi ilə bağlı yeni qərar

Ceyhunun ölüm işi ilə bağlı yeni qərar
Eye

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az Teleqraf-a istinadən bildirir ki, Azərbaycanın Ali Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, zərərçəkmiş Ceyhun Həsənovun hüquqi varisi tərəfindən verilən kasasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, zərərçəkmiş şəxsin hüquqi varisləri təqsirləndirilən şəxslərin cəzalandılmasını istəyib.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə S.Həziyev 4 il, A.Quliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Həmçinin zamində olan A.Quliyev məhkəmə zalında həbs olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilən şikayət təmin edilib. Polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyevin cəzası şərti hesab edilib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.

Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.

Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar