Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov 2025-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında 11 abituriyentə texniki vasitələrlə kömək olunması ilə bağlı açılan cinayət işi üzrə istintaqa cəlb olunub. İttihama görə, o, ekspert tanışı Gündüz Abbasovla cinayət əlaqəsinə girərək imtahanlarda kütləvi şəkildə köçürmə mexanizmi qurub. Bu məsələ imtahan sistemində təhlükəsizlik və nəzarət mexanizmlərinin yetərli olub-olmaması sualını gündəmə gətirib.
Bakupost.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Yeni Sabah”a açıqlamasında imtahanlarda qeyri-qanuni yollarla uğur qazanmaq cəhdlərinin hər zaman mövcud olduğunu deyib. Onun sözlərinə görə, bu, təkcə Azərbaycana xas problem deyil:
“Bu gün dünyanın müxtəlif ölkələrində bu problem yaşanır və tez-tez hüquq-mühafizə orqanları, müxtəlif dövlət qurumları məsələyə müdaxilə edirlər. Biz tez-tez Türkiyədə və ayrı-ayrı ölkələrdə bunun şahidi oluruq. Hesab edirəm ki, ümumi götürdükdə Dövlət İmtahan Mərkəzinin sistemi təhlükəsizliyə tam cavab verir və qurum müxtəlif cəhdlərin qarşısını qətiyyətlə alır. Sistemdə ciddi boşluqların olmasını iddia etmək düzgün sayılmaz”.
C.Məmmədovun sözlərinə görə, bu cür hallarla mübarizə üçün möhkəm qanunvericilik bazası da mövcuddur:
“Belə əməllərin cəzası da ağırdır. Hazırda sözügedən məsələ ilə bağlı məhkəmə gedir, iş araşdırılır və ilkin məlumatlar var. Lakin daha konkret nəticə üçün müəyyən müddət lazımdır. Ümumi götürdükdə isə düşünürəm ki, hər birimiz çalışmalıyıq ki, öz fəaliyyətimizdə dürüst olaq, qanunun aliliyini qoruyaq. Biz bütün gücümüzlə bu cür halların baş verməməsi üçün çalışmalıyıq.
Bu gün Azərbaycanda imtahan prosesi yaxşı qurulub. Tez-tez müxtəlif fikirlər səsləndirilsə də, sistemi qorumalıyıq, onu dağıtmaq olmaz. Bu sistemlə bağlı açıqlama verərkən də hər kəs çox diqqətli olmalıdır və ölkəmizin maraqlarını mütləq nəzərə almalıdır”.