“Olimpiad School” və MA Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən Lütfi Zadenin 105 illiyinə həsr olunmuş “Fuzzy Olimpiadası”nın qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
Bakupost.az xəbər verir ki, tədbirdə sabiq təhsil naziri Misir Mərdanov, lisey və məktəb direktorları, müəllimlər, olimpiada iştirakçıları və valideyinlər iştirak ediblər.
Artıq ikinci ildir ki, keçirilən “Fuzzy Olimpiadası”ında bu il 300 nəfərdən çox şagird iştirak edib və 158 nəfər qalib olub.
Fevral ayının 1-də baş tutan olimpiadada 4 nəfər 100 faiz nəticə göstərib.
Nəticələrə əsasən, 37 nəfər qızıl, 37 nəfər gümüş, 35 nəfər bürünc medala layiq görülüb, 58 nəfərin nəticəsi ilə həvəsləndirici yerlə qiymətləndirilib.
Tədbiri giriş sözü ilə açan sabiq təhsil naziri Misir Mərdanov Lütfi Zadənin həyatından söz açıb və onun elmə qazandırdığı mühüm töhvələrdən danışıb.
O bildirib ki, bu olimpiadanın dahi şəxsiyyət Lütfi Zadənin adı ilə bərabər səslənməsi çox önəmlidir.
“Bu adı seçənlərə, onu Lütfi Zadənin adı ilə bağlayanlara mən xüsusi təşəkkür edirəm. Bu çox gözəl addımdır. Mən qalib olan uşaqların valideyinlərinə və müəllimlərinə müraciət edirəm. Bu ilk addımdır. Əsas məsələ bundan ibarətdir ki, qalib olan şagirdlərə xüsusi olaraq nəzərət edilməlidir. Çox yaxşı olar ki, 1 -ci yer tutan uşaqlar siyahılaşdırılsın və onlara xüsusi diqqət yetirilsin”-, deyə sabiq təhsil naziri əlavə edib.
“Olimpiad School” və MA Tədris Mərkəzinin təsisçisi və direktoru İlqar Aslanlı isə öz növbəsində “Fuzzy Olimpiadası”nın məqsədindən danışıb.
“Mentiq və zəkanın çağırışı!” şüarı altında keçirilən olimpiada Lütfi Zadenin fuzzy məntiq sahəsindəki irsinə hörmət əlaməti olaraq təşkil olunub. Məqsədimiz xüsusi riyazi qabiliyyətə malik şagirdləri üzə çıxarmaqdır. Düşünürəm ki, bu olimpiada riyazi və məntiqi istedadı yüksək olan uşaqların kəşfi baxımdan çox önəmlidir. Cəmiyyətə elmli fərdlər qazandırmaq başlıca prioritetlərimizdəndir”, - deyə o vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib.
Sonda qaliblər diplom, medal və xüsusi hədiyyələrlə təltif ediliblər.