Xəbər verdiyimiz kimi, Bakıda daha bir sürücünün avtomobilini geriyə idarə etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Görüntülərdən VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün paytaxtın “20 Yanvar” metrostansiyası yaxınlığındakı tunelə doğru geriyə hərəkət etdiyi aydın olur.
Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində - Heydər Əliyev Mərkəzi yaxınlığındakı yolda “Volkswagen Touareg” markalı avtomobilin qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etdiyinə dair görüntülər yayılmışdı.
Bəs, belə halların baş verməsinin səbəbi nədədir? Gənclər hansı səbəbdən hərəkət qaydalarını pozurlar?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu cür davranışlar ərköyünlükdən irəli gəlir:
“Bəzi ailələr uşaqlarını ərköyün böyüdür. Həmin uşaqlar hər şeyi maddiyyatla əldə edir. Bir az böyüyən kimi dərhal özünə sürücülük vəsiqəsi, ardınca avtomobil aldırır. Daha sonra da şəhərdə hərəkət qaydalarını pozmağa başlayırlar. Sadəcə, özlərini nümayiş etdirmək, diqqət çəkmək üçün bu cür davranışlar sərgiləyirlər. Sanki özlərinin, avtomobillərinin üstünlüyünü göstərməyə çalışırlar. Bu cəmiyyətdə mövcud olan ciddi problemlərdən biridir”.
Sosioloq belə şəxslərin sürücülük vəsiqəsini qeyri-qanuni şəkildə əldə etdiklərini də bildirib:
“Sürücülük vəsiqələrinin çoxu saxtadır, rüşvətlə alınır. Küçədə istənilən şəxsdən sürücülük vəsiqəsinin qiymətini soruşsaz, hamı biləcək. 10 milyon əhalinin qarşısında utanmadan, gizlətmədən sürücülük vəsiqəsi satılır. Sürücülərin əksəriyyəti yol hərəkəti qadalarını axıra kimi bilmir. Özüm də bu cür halların baş verdiyini müşahidə edirəm. Dəfələrlə bəzi zabit və generallarla da eyni yerdə olmuşam. Bu məsələni onlar da bilir, lakin çiyin çəkirlər. Bu sahədəki özbaşınalıqlar aradan qaldırılmalıdır”.
Aynur İbrahim
BakuPost