Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib. Onlar təcili tibbi yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Bakupost.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Fuad Rzayev deyib.
Həkim qeyd edib ki, xəsarətlər əsasən bud-çanaq sınıqları və beyin silkələnmələri ilə bağlıdır. Onun sözlərinə görə, xəstələr müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicələri davam etdirilir.
Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.