“Keçən iclasda kəlbəcərli şəhid Ülfət Kərimovla bağlı bölgə əhalisinin tələblərini səsləndirmişdim. Təəssüflər olsun ki, məsələyə dair müvafiq addımlar atılsa da, hələ konkret nəticə əldə edilməyib”.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Mircəlil Qasımlı Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili iclasda bir sıra təkliflər səsləndirib: “Bundan başqa, Kəlbəcər sakini Zərnişan Camalova işğal dövründə əsir düşməmək üçün Qamışlı ərazisində körpüdən özünü ataraq şəhid olub. 90-cı illərdə Heydər Əliyev bu məsələ ilə bağlı sakinlərlə görüşündə torpaqlarımız azad edildikdən sonra Zərnişan xanımın xatirəsinə abidə ucaldılacağını vurğulamışdı. Bu istəyin həyata keçirilməsi camaatımız üçün böyük mənəvi önəm daşıyır.
Digər məsələ isə tank komandiri şəhid Natik Məlikova Milli Qəhrəman adının verilməsi üçün müraciətlərin çoxluğudur. Onun son döyüşü Kəlbəcər, Bağlıpəy istiqamətində baş verib və döyüşlərdə böyük qəhrəmanlıq nümunəsi göstərib. Bu məsələ müvafiq qurumlarda yenidən nəzərdən keçirilməlidir”.
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə Mircəlil Qasımlının fotoları paylaşılaraq onun parlamentin iclaslarında heç vaxt çıxış etmədiyi, problemləri dilə gətirmədiyi yazılırdı.