Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18-dir. Məktəbi bitirən və ali təhsil planı olmayan gənclər bu yaşda çağırışa cəlb olunurlar. Lakin bu mövzuda fikirlər birmənalı deyil. Bəzi mütəxəssislər hərbi xidmət yaşının 18 olmasının gənclərin təhsil və karyera planlarına mənfi təsir etdiyini deyirlər. Onların fikrincə, məktəbi bitirən kimi bəzi abituriyentlər müəyyən səbəblərdən ali məktəbə qəbul ola bilmirlər və ya istədikləri ixtisasa düşmürlər, beləliklə hərbi xidmətə yollanırlar. Arada yaranan bir il yarımlıq fasilədən sonra isə onların əksəriyyəti təhsil sistemindən tamamilə uzaqlaşır, başqa işlərlə məşğul olur və ya xarici ölkələrə üz tuturlar.
Məhz bu səbəbdən bəzi mütəxəssislər arasında əsgərlik yaşının 19–20-yə qaldırılması və ya əlavə möhlət hüququnun tanınması məsələsi gündəmdədir. Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Təhsil eksperti Sona Əliyevanın fikrincə, məktəbi yeni bitirənlərə 1–2 il əlavə vaxt verilsə, həm təhsil seçimlərini dəqiqləşdirə, həm də peşə və ixtisas istiqamətində daha dolğun addımlar ata bilərlər.
Təhsil eksperti Adil Vəliyev isə düşünür ki, bu cür abituriyentlər üçün hərbi hissələrdə müəyyən şərait yaradıla bilər.
Hərbi ekspert Emin Həsənli isə mövzunu başqa aspektdən dəyərləndirir. Onun fikrincə, əsgərlik yaşının artırılması məsələsi yalnız təhsil çərçivəsində qiymətləndirilməməlidir.
Ətraflı BTV-nin reportajında: