Ru
12:44 / 06 Oktyabr 2021

İnklüziv təhsil - sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi

37768
İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsidir.

Mütəxəssislər hesab edir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə, təlim prosesində birgə iştirak etdikdə özlərini yararsız, köməksiz saymır. Belə uşaqlar öz sağlam həmyaşıdlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstərməyə, özlərində güc, qüvvət toplamağa səy göstərirlər. Kollektivə adaptasiya olunaraq bir fərd, cəmiyyətə lazımlı insan olduqlarını hiss edirlər.


Böyük Britaniya, ABŞ, İsveçrə, Almaniya kimi ​ bir çox ölkələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar digər yaşıdları ilə birlikdə məktəbdə təhsil alır və uşaq bağçalarına gedirlər. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir və ümumiyyətlə, hər hansı bir ölkənin təhsil sisteminin beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır.

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasına 2005-ci ildən başlanılıb. ​ Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib.



İnkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası gedişində 15 ümumi təhsil, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub.

2015-ci ildə Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər nəticəsində əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib.

2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycanda “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Hər birində iki sinif olmaqla, Bakıdakı 138, 220, 202 və 252 nömrəli məktəblər pilot inklüziv məktəblər kimi müəyyənləşdirilib. Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumitəhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır. İnklüziv təhsil yalnız əllilliyi olan uşaqlar üçün yox, bütün şagirdlər üçün keyfiyyətli təhsil deməkdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ildə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz​ sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar verir. Dövlət Proqramı çərçivəsində gözlənilən nəticələrdən biri də informasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslər üçün informasiya əldə etmək imkanlarını genişləndirməkdir.


İnklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda, keyfiyyətli təhsil almasıdır.

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin tətbiq edildiyi 138 nömrəli məktəbin korreksion-pedaqoqu Ülkər Bəşirova deyir ki,​ hazırda məktəbdə inklüziv təhsil layihəsi çərçivəsində 24-dən çox şagird təhsil alır. Onlar arasında daun və autizm sindromlu,​ yüngül əqli geriliyi olan, serebral iflicdən əziyyət çəkən şagirdlər üstünlük təşkil edir.

Pedaqoqun sözlərinə görə, bu uşaqların tipik şagirdlərlə birlikdə təhsil almaları üçün məktəbdə hər cür şərait yaradılıb:

“İnklüziv təhsilin əsas prinsipinin təkcə uşaqların sosiallaşması deyil, eyni zamanda, inkişaf səviyyəsinə uyğun keyfiyyətli təhsil almasıdır. Bu səbəbdən də xüsusilə ibtidai sinif müəllimləri və korreksion-pedaqoqlar bu məsələyə daha həssaslıqla, diqqətlə yanaşmalıdır. Siniflərdə belə uşaqlarla fərdi tədris proqramına əsasən işlər qurulmalıdır”.

Ü.Bəşirova bildirib ki, uşaqlar müəyyən vaxtı sinif otaqlarında digər şagirdlərlə dərs keçir, sonra loqopedik otaqda fərdi dərslərə, məşğələlərə cəlb olunurlar. Onların da iştirakı ilə müxtəlif​ tədbirlər həyata keçirilir:

“Qeyd edim ki, inklüziv təhsilə cəlb olunan​ bütün şagirdləri əhatə edə biləcək öyrədici və əyləncəli təlimat hazırlanıb. Tədris proqramına nitq terapiyası, nəfəs aktı terapiyası, rəsm terapiyası daxil edilib. Bu prosesdə hər bir müəllimin, mütəxəssisin fərdi yanaşmasının olması, müşahidələrə, təcrübəyə əsaslanan öyrədici üsulların işlənib hazırlanması çox vacibdir. Hansı yolla olur- olsun, məqsəd şagirdi öyrədə bilmək, onun öyrənə bildiyinə əmin olmaqdır”.

202 nömrəli məktəbin ibtidai sinif müəllimi Sevda Balakişiyevanın dərs dediyi sinif inklüziv siniflər arasındadır.​ Məktəbdə inklüziv təhsilə cəlb edilən şagirdlər arasında autizm və daun sindromlu şagirdlər də var:

“Dərslər zamanı onlar həm də dostlarının sinifdə davranışlarına şahid olur, sinif yoldaşlarından dəstək görür, müəllimin birbaşa qayğısı, təması onlarda həm də güvən yaradır. Şagirdlərin​ əqli və psixoloji​ imkanlarını nəzərə alaraq sinif dərslərindən əlavə eyni diaqnozdan olan şagirdlər üçün qrup dərsləri təşkil edilir. Bu dərslərdə daha çox şəkillər üzərində iş, şifahi sorğu-suala üstünlük verilir. Eyni zamanda, dərslərdə valideynlər də iştirak edir. Biz valideynlərə şagirdlərə verilən tapşırıqların yerinə yetirilməsində onlara istiqamət verir, köməklik göstəririk. Autizm sindromlu şagirdlərimiz var ki, onların diqqətini dərs prosesinə cəlb​ etməkdə​ çox çətinlik çəkirik. Tipik uşaqlardan fərqli olaraq bilirik ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək daha həssaslıq və səbr tələb edir”.


Təhsil Nazirliyindən verilən məlumata görə,​ ildən ilə məktəblərdə inklüziv siniflərin sayı artırılır. 2021-2022-ci tədris ilində yeni seçilmiş 8 ümumitəhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib.

Sözügedən müəssisələr Bakı şəhəri 246 nömrəli məktəb-lisey, Quba şəhəri 2 nömrəli məktəb-lisey, Gəncə şəhəri 39 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 4 və 21 nömrəli tam orta məktəblər, Şirvan şəhəri 10 nömrəli tam orta məktəb, Qazax şəhəri 2 nömrəli tam orta məktəb və Şəki şəhəri 12 nömrəli tam orta məktəbdir.


Valideyn Nazlı Qurbanova deyir ki,​ övladı sağlamlıq imkanı məhdud uşaqdır. Danışmaqda, fikirlərini ifadə etməkdə çətinlik çəkir:

“Mənim övladım nitq qüsurludur. Ancaq buna baxmayaraq mən istədim ki, övladım adi həmyaşıdları kimi məktəbə getsin, təhsil alsın. Özü də sağlam uşaqların oxuduğu məktəbdə və onlarla eyni sinifdə. Sağlamlıq imkanı məhdud olsa da təhsil almaq onun da haqqıdır. Məktəbə gedəndən onda xeyli irəliləyişlər hiss edirəm. Artıq özünə qapanmır, insanlardan çəkinmir. Dərslərə böyük maraq göstərir, oxumağa, öyrənməyə can atır”.

İnklüziv təhsil sahəsində tədrisin səviyyəsinin daha da yüksəldilməsi üçün müəllimlərin bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlər təşkil olunur.​ Təlimlərdə müəllimlərə inklüziv təhsil sahəsində tətbiq edilən yeni tədris proqramları və üsulları barədə məlumatlar verilir. Onlara sağlamlıq imkanları məhdud​ uşaqların məktəbə uğurlu inteqrasiyası və effektiv öyrənmə mühitinin yaradılması yolları izah olunur. Beynəlxalq ekspertlər tərəfindən aparılan təlimlərdə inklüziv təhsil sahəsində müəllimlərin tədris imkanları və pedaqoji resursları təkmilləşdirilir.

M.Sevinc

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər