Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Bakupost.az xəbər verir ki, KMBİ bu cinayətlərlə bağlı növbəti əməliyyat keçirib. Həmin əməliyyat zamanı 4 nəfər Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov və onların dəstəsi – Həsən İtirov, Qoşqar Əlizadə, Kənan Osmanlı saxlanılıb.
Şübhəlilər qanunsuz “fastloto.com” və “chcplay.net” saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq onlayn kazino üçün kodlar almaqda, daha sonra “Batumi Kazino”, “Priz Kazino” kimi sosial şəbəkə səhifələrindən istifadə edərək vətəndaşları pullu link və onlayn ödənişlərlə dələduzluq oyunlarına cəlb etməkdə günahlandırılır.
Şübhəlilərin ofisində və mənzillərə axtarış aparan polis çoxsaylı bank kartları, mobil nömrələr, elektron sübutlar və qanunsuz pul köçürmələrində istifadə olunan vasitələr aşkarlayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Şübhəli şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.