14:47 / 27 Fevral 2026
Konqresdə “Səkkizlər qrupu” ilə məxfi görüş – “Vəziyyət son dərəcə ciddidir”
574
ABŞ-də İran məsələsi ilə bağlı yüksək səviyyəli və qapalı müzakirə keçirilib. ABŞ Dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Konqresin milli təhlükəsizlik üzrə hər iki partiyanın əsas liderlərindən ibarət olan və “Səkkizlər qrupu” kimi tanınan fraksiya üzvlərinə İranla bağlı məxfi brifinq təqdim ediblər.
Qapalı keçirilən görüşdə İranın regional fəaliyyəti, təhlükəsizlik riski yaradan addımları və ABŞ administrasiyasının mümkün strategiyası ətrafında ətraflı məlumat verildiyi bildirilir. Brifinqin detalları açıqlanmasa da, görüşdən sonra verilən siyasi reaksiyalar məsələnin ciddiliyini göstərir.
Konqresdə Demokratların lideri Çak Şumer toplantıdan sonra jurnalistlərə açıqlamasında vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayıb. O bildirib ki, administrasiya İranla bağlı mövcud vəziyyətin mahiyyətini və atılan addımların əsaslandırmasını Amerika ictimaiyyətinə açıq şəkildə izah etməlidir. Şumerin bu açıqlaması Vaşinqtonda İran siyasəti ətrafında həm təhlükəsizlik, həm də siyasi müzakirələrin dərinləşdiyini göstərir.
“Səkkizlər qrupu” ABŞ Konqresində kəşfiyyat və milli təhlükəsizlik məsələləri üzrə ən yüksək səviyyədə məlumatlandırılan məhdud tərkibli qrupdur. Bu qrupa Nümayəndələr Palatası və Senatın hər iki partiyadan olan rəhbər şəxsləri və kəşfiyyat komitələrinin sədrləri daxildir. Belə brifinqlər adətən fövqəladə və ya strateji əhəmiyyətli məsələlər zamanı keçirilir.
Vaşinqtonda İranla bağlı artan gərginlik fonunda keçirilən bu görüş administrasiyanın növbəti addımlarının müəyyənləşdirilməsi baxımından mühüm siqnal kimi qiymətləndirilir. ABŞ-nin İran siyasətində yeni mərhələyə keçid edib-etmədiyi isə yaxın günlərdə veriləcək rəsmi açıqlamalardan sonra daha aydın olacaq.
Cavid, BakuPost