Ru
15:42 / 27 Fevral 2026

“Ermənistan seçkiləri, Bakıyla münasibətlər və TRIPP-in taleyi” – “Stratfor”un proqnozu

“Ermənistan seçkiləri, Bakıyla münasibətlər və TRIPP-in taleyi” – “Stratfor”un proqnozu
Eye

ABŞ-nin nüfuzlu analitik mərkəzi “Stratfor”un geniş proqnozuna görə, Azərbaycan və Ermənistan yekun sülh sazişinin imzalanması potensialından yararlanmağa çalışacaq. Lakin Cənubi Qafqazda Rusiyanın zəifləyən mövqeyi fonunda formalaşan yeni geosiyasi vəziyyət Moskvanın təsir rıçaqlarını qorumaq cəhdləri ilə ciddi sınaq qarşısında qalacaq. Bu prosesdə əsas dönüş nöqtəsi kimi 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri göstərilir.

Bakupost.az xəbər verir ki, analtiki mərkəzin ehtimallarına görə, fevralın 9–11-də ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Ermənistan və Azərbaycana səfəri Vaşinqtonun regiona artan diqqətinin göstəricisi kimi qiymətləndirilir. Vens 2008-ci ildən bəri regiona səfər edən ən yüksək vəzifəli ABŞ rəsmisi idi. Səfərin məqsədi 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən sammitdən sonra formalaşan diplomatik impulsu gücləndirmək idi. Həmin sammitdə ABŞ Prezidenti Donald Tramp hər iki ölkə liderini sülh sazişinin layihəsini imzalamağa dəvət etmişdi.

“Stratfor” qeyd edir ki, Ukrayna müharibəsi səbəbindən Rusiyanın hərbi, iqtisadi və diplomatik resurslarının tükənməsi Moskvanın Cənubi Qafqazdakı ənənəvi “təhlükəsizlik arbitri” rolunu zəiflədib. Bu boşluğu doldurmaq üçün ABŞ regionda tranzit marşrutları və strateji mineral tədarük zəncirləri uğrunda rəqabəti gücləndirib. Vaşinqton TRIPP layihəsini Orta Dəhlizin əsas strateji qovşağı kimi təqdim edir. Layihə Mərkəzi Asiyadan enerji və faydalı qazıntıların Xəzər üzərindən Avropaya daşınmasını və eyni zamanda qarşılıqlı iqtisadi fayda yaradan ticarət bağlantılarını nəzərdə tutur.

Həm Azərbaycan, həm də Ermənistan ABŞ-nin bu yanaşmasını müsbət qarşılayıb. Bu, hər iki hökumətə sülh üçün tələb olunan siyasi kompromisləri əsaslandırmaq imkanı verir. Lakin prosesin davamlı olub-olmaması əsasən Ermənistanın daxili siyasi inkişafından və Rusiyanın keçid dövründə təsir imkanlarını nə dərəcədə işə sala biləcəyindən asılı olacaq.

Baş nazir Nikol Paşinyan Azərbaycanla barışıq strategiyasına görə kilsə və nüfuzlu erməni diasporu tərəfindən təzyiqlərlə üzləşir. Eyni zamanda Moskva da İrəvana qarşı iqtisadi rıçaqlardan istifadə edə biləcəyinə işarə edir. Ermənistanın ixracının böyük hissəsi Rusiyaya yönəlir və ölkənin enerji ehtiyaclarının təxminən 60 faizi Rusiyanın payına düşür. Metsamor AES-in operatoru olan “Rosatom”un yanacaq tədarükündə və ya texniki xidmət prosesində mümkün gecikmələri ciddi iqtisadi və siyasi nəticələr doğura bilər. Bundan əlavə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü də Moskvanın əlində mühüm təsir aləti olaraq qalır.

Buna qarşılıq olaraq Avropa İttifaqı Ermənistanın dayanıqlığını gücləndirməyə söz verib və mayın 5-də İrəvanda ilk Aİ–Ermənistan sammitinin keçirilməsi planlaşdırılır. “Stratfor”un qiymətləndirməsinə görə, Paşinyanın yenidən seçilməsi ölkənin Avropayönlü kursunu qoruyacaq və sülh sazişinin imzalanmasına təkan verəcək. Lakin Azərbaycan tərəfindən tələb olunan yeni Konstitusiya üzrə referendum ciddi daxili müqavimətlə üzləşə bilər.

Sülh sazişinin yekun imzalanması Ermənistan–Türkiyə sərhədinin açılmasını sürətləndirə və ölkənin tranzit rolunu gücləndirə bilər. Bu isə Ermənistanın İrandan strateji asılılığını azalda bilər. Paralel olaraq sovet dövrü dəmir yolu xətlərinin bərpası alternativ marşrutlar yaradaraq TRIPP-dən asılılığı müəyyən qədər azalda bilər.

“Stratfor” xəbərdarlıq edir ki, seçkilərin nəticələri prosesin sürətini ləngidə və ya tamamilə dəyişə bilər. Paşinyanın partiyası parlament çoxluğunu təmin etməzsə, mümkün koalisiya hökuməti Moskva ilə münasibətləri yenidən formatlaya və sülh prosesini yavaşlada bilər. Bu halda TRIPP və Qərbin dəstəklədiyi digər bağlantı layihələri ətrafında qeyri-müəyyənlik artacaq.

Eyni zamanda İran da prosesləri diqqətlə izləyir. TRIPP-in tam reallaşması Tehranın Araz marşrutu ilə rəqabət yaradacaq və ABŞ-nin İranın şimal sərhədlərinə yaxın mövcudluğunu gücləndirə bilər. Bu səbəbdən İran iqtisadi və enerji əlaqələri vasitəsilə layihəyə təsir göstərməyə çalışa bilər.

“Stratfor”un yekun qənaətinə görə, Cənubi Qafqazda sülh və geosiyasi yenidənqurma prosesi real imkanlara malik olsa da, Ermənistanın daxili siyasi sabitliyi, Rusiyanın reaksiyası və Qərbin uzunmüddətli öhdəlikləri bu prosesin taleyini müəyyən edəcək əsas amillər olacaq. TRIPP-in uğuru isə yalnız siyasi razılaşmadan deyil, həm də maliyyə dayanıqlığı və yerli icmaların razılığından asılı olacaq.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar