Azərbaycanda qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Uzun illərdir müzakirə olunan bu problem minlərlə vətəndaşın faktiki istifadə etdiyi daşınmaz əmlakın hüquqi statusunun hələ də qeyri-müəyyən qalması ilə diqqət çəkir.
Deputat Siyavuş Novruzov sözlərinə görə, qanunsuz tikililərin özəlləşdirilməsi cəhdlərinin əsas səbəbi torpaqların kateqoriyasına uyğun istifadə olunmamasıdır. O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri və ya kommersiya obyektləri tikilir, lakin belə hallarda özəlləşdirmə aparılması üçün əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir.
Məsələ ilə bağlı “ReAl” Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, qanunsuz tikililərlə bağlı “əmlak amnistiyası” mövzusu dəfələrlə gündəmə gəlsə də, indiyədək bu istiqamətdə nə qanuni baza formalaşdırılıb, nə də real nəticə əldə olunub.
Bəs qanunsuz tikililərlə bağlı problemi sistemli şəkildə həll etmək üçün hansı mexanizmlər tətbiq edilməli, hüquqi dəyişikliklər olmalıdır?
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, əmlak reyestrinin tam formalaşmaması olduqca böyük problemlər yaradır:
“Bu, qeydiyyatsız torpaqların və evlərin ölkənin iqtisadi infrastrukturuna inteqrasiyasını yavaşladır. Eyni zamanda dövlət büdcəsində itkilərə səbəb olur. Digər tərəfdən, iqtisadi fəallığın qarşısını alır. Belə ki, sənədləşmiş evlər həm girov qoyula bilər, həm də alqı-satqı predmeti kimi istifadə oluna bilər. Bu da ölkədə daşınmaz əmlak bazarında böyük dinamika yarada bilər, eyni zamanda bank sektorunda fəallığı artıra bilər.
Bütün bunları nəzərə alaraq, biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti kimi bəlkə də illərdir ki, əmlak amnistiyası ilə bağlı təklif irəli sürmüşük. Sevindirici haldır ki, son dövrlər bu məsələ daha da aktuallaşıb və bir çox iqtisadi ekspertlər də bu fikrə gəlib. Əslində dövlətin də mövqeyi bu istiqamətdədir. Sadəcə, indiyə qədər mövcud olan müəyyən sistem və bu prosesin qarşısında duran maneələrə görə mərhələli amnistiyaya daha çox üstünlük verilir. Son dövrlər əmlakla bağlı qəbul olunan bütün qərarlar əslində həmin amnistiyanın tərkib hissəsidir”.
V.Orucun sözlərinə görə, torpaq kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərin birbaşa rədd edilməsi əvəzinə araşdırılması və şərtlərə uyğun olduğu halda müsbət cavab verilməsini nəzərdə tutan yeni dəyişikliklərin olması amnistiyaya doğru bir addım deməkdir:
“İkinci addım təqribən 100 min sənədsiz eví əhatə edə bilər. Bu da müəyyən torpaq kateqoriyalarının dəyişdirilməsi istiqamətində atılmış addım olacaq. Yəni bütün bunlar onu göstərir ki, əmlak amnistiyası əslində mərhələli qaydada həyata keçirilir. Amma düşünürəm ki, bunu vahid amnistiya ilə həll etmək olar. Bu isə qeyd etdiyim iqtisadi proseslərin birbaşa baş verməsi üçün şərait yaratmış olar. 500 mindən artıq evin sənədlə təmin olunması istiqamətində qərar qəbul olsa, bu, ölkə iqtisadiyyatı üçün çox mühüm hadisəyə çevrilə bilər”.
V.Oruc bildirdi ki, hazırda təyinatı kənd təsərrüfatı olan torpaq sahələrində inşa edilmiş çoxsaylı yaşayış evləri mövcuddur:
“Həmin evlərin kommunal ödənişləri edilir, faktiki olaraq bu evlərlə bağlı sərəncam verilir, etibarnamə vasitəsilə bir şəxsdən digərinə ötürülür, insanlar həmin evlərdə qeydiyyata alınır və s. Təkcə bir çatışmazlıq var ki, torpağın təyinatı uyğun olmadığı üçün həmin evlərə dövlət əmlak reyestrindən çıxarış almaq mümkün olmur.
Nəzərə alsaq ki, bu evlər yaşayış massivləri formasında inşa olunub, yəni söhbət bir neçədən deyil, yüzlərlə, minlərlə evdən gedir, o zaman həmin ərazilərə birdəfəlik baxılması olduqca real və mümkün prosesdir. Müvafiq icra qurumları həmin ərazilərdə yerləşən torpaq sahələrinin təyinatını birdəfəlik dəyişərək, onları kənd təsərrüfatı təyinatlı deyil, məhz yaşayış təyinatlı torpaqlar kimi qeydiyyata alsalar, bu ölkə iqtisadiyyatına, mülkiyyət sahiblərinə, vergi sisteminə, bank sektoruna və daşınmaz əmlak bazarına böyük töhfə vermiş olar”.
V.Oruc qeyd etdi ki, mövcud qanunvericiliyə əsasən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün prosedur müxtəlif nazirliklərdən keçərək Nazirlər Kabineti səviyyəsinədək uzanır.
“Bu məsələ həmin səviyyədə müzakirə olunur və qərarlar qəbul edilir. Praktikada isə bu istiqamətdə edilən müraciətlərin əksəriyyətinə mənfi cavab verilir.
Bu səbəbdən hesab edirəm ki, qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Bu dəyişikliklər faktiki mövcud vəziyyətin qəbul olunmasını nəzərdə tutmalıdır. Yəni əgər bir massivdə 100-lərlə ev varsa və torpaq başqa təyinatlıdırsa, onun kateqoriyasını dəyişmək problem olmamalıdır. Lakin bu o demək deyil ki, bütün evlər qeydiyyata alınmalıdır, Yüksək gərginlikli elektrik xətlərinin altında, meşə zolaqlarında, strateji obyektlərin yaxınlığında, kommunal xətlərin üzərində və digər strateji ərazilərdə tikilmiş qanunsuz evlər sənədləşdirilməməlidir. Bu hallarda ya həmin evlərin köçürülməsi kompensasiya ilə təmin olunmalı, ya da iqtisadi məqsədəuyğunluq nəzərə alınaraq alternativ həll yolları tətbiq edilməlidir. Məsələn, əgər çoxsaylı evlər tikilibsə və iqtisadi baxımdan daha sərfəlidirsə, yüksək gərginlikli elektrik xəttinin marşrutu dəyişdirilə bilər və ya digər uyğun tədbirlər görülə bilər”.
Lalə, BakuPost