Bir neçə gün öncə tanınmış politoloq Elxan Şahinoğlu Ramiz Mehdiyevin göstərişi ilə aralarında komitə sədrinin də olduğu bir qrup millət vəkilinin Azərbaycanın Rusiyanın yaratdığı və rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təbliğat apardığı haqda “Media Türk” kanalının efirində məlumat səsləndirmişdi. O iddia edirdi ki, bu, Rusiyanın göstərişi ilə başlayan proses idi və Ramiz Mehdiyev “öz deputatları” vasitəsilə bu təbliğatı aparırdı. Məqsəd isə cəmiyyətin nəbzini yoxlamaq idi.
Bakupost.az xəbər verir ki, E.Şahinoğlu sözügedən deputatlar və komitə sədri haqda heç bir bilgi verməmişdi.
Maraqlıdır, o deputatlar kimlərdir?
Açıq mənbələrdə yalnız Milli Məclisin Hüquq komitəsinin sədri Əli Hüseynlinin KTMT-yə qoşulmaqla bağlı təbliğat apardığı görünür. Belə ki, 2018-ci ildə Əli Hüseynli rusdilli “Haqqin.az” saytına açıqlamasında “Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər” deyə bildirmişdi.
“Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.
Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik.
Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar”.
Əli Hüseynlinin bu açıqlamasına cavabı da Elxan Şahinoğlu vermişdi. Hazırda E.Şahinoğlunun bu faktı xatırlatması və komitə sədrinə işarə etməsi bu baxımdan mübahisə yeri qoymur.
Qeyd edək ki, Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub, 1985–1986-cı illərdə Rusiyanın Kalinin vilayəti "Kalininselstroy" tikinti idarəsində fəhlə işləmişdir. 1987-ci ildə Kalinin Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1988–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.
Daha sonra təhsilini BDU-ya dəyişdirmiş və 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996–2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışmışdır.
Hazırda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir.
Asena,
Bakupost