“Bir çox qüvvələr kommunikasiya yollarının (Zəngəzur dəhlizi və ya “Tramp yolu”nun) açılmasında maraqlı deyillər, amma bütün tərəflər bu layihədən faydalanacaq”.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Vaşinqtonda qəbul edilmiş sülh bəyannaməsinə əsasən, Azərbaycanla yolların açılması nəticəsində, ümid edirik ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması həyata keçiriləcək”, - o bildirib.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatına toxunub:
“Yaxınlarda baş verən hadisəyə baxın: Azərbaycan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan elədi, yəni yol Ermənistana tranzit üçün açılıb. Bu, çox vacib bir açıqlamadır və bunu yüksək qiymətləndiririk, çünki bu, tarixi əhəmiyyətə malik qərardır.
Biz də öz tərəfimizdən kommunikasiya yollarımızı Azərbaycana açmağa hazırıq və mən artıq bildirmişəm ki, Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük nəqliyyatı üçün də marşrut təmin etməyə hazırıq.
Ola bilər ki, bəzi qüvvələr regionda kommunikasiya yollarının açılmasında maraqlı olmasın, amma əslində bu layihə bütün iştirakçılar üçün sərfəlidir”.