Pakistanın Baş naziri Şahbaz Şərif və bu ölkənin digər rəsmiləri ABŞ və İran nümayəndələrinin İslamabadda müzakirələrdə nəticə əldə edəcəyinə ümidli idilər. Pakistan paytaxtında yüksək səviyyədə qarşılanan ABŞ və İran rəsmiləri üçün hər cür şərait yaradılmışdı. Ancaq tərəflər güzəştə getmədilər. ABŞ və İranın bir-birinə təqdim etdikləri tələblər ətrafında ortaq məxrəcə gələ bilmədilər. Halbuki iki məsələ - uranın zənginləşdirilməsi və Hörmüz boğazıyla bağlı razılaşma əldə etmək mümkün olsaydı, digər məsələrin razılaşdırılmaması böyük əhəmiyyət kəsb etməyəcək və digər bəndlər danışıqların sonrakı mərhələsinə saxlanılacaqdı. Ancaq İran əvvəlkitək uranın zənginləşdirilməsindən tamamən imtina etmək istəmir.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 11 apreldə İslamabadda keçirilən və nəticəsiz başa çatan ABŞ-İran danışıqları haqda qeyd edib.
“Müharibədən əvvəl beynəlxalq aləmin Hörmüz boğazının təhlükəsizliyi kimi problem yox idi. Bu, müharibə dövründə və sonrasında yaranan problemdir. Tehran Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir.
Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi narahat edir. Çünki Hörmüz boğazındakı qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcılarının qiymətlərini qaldırıb, bu isə ABŞ vətəndaşlarının ciblərinə təsir edib. Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib”, - o bildirib.
Politoloqun fikrincə, Pakistanda nəticənin əldə edilməməsi Pekin üçün də yaxşı xəbər deyil:
“Çin ABŞ-la İran arasında atəşkəsin əsas memarıdır. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bu atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazından gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasıydı. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, Donald Trampa bu lazımdır”.
Asena,
BakuPost