Təlimatçı pilot havada özünü təyyarədən atdı – 22 yaşlı tələbə təkbaşına eniş etdi!
Argentinanın Kordova şəhərində yerləşən “Toledo Flying Parrot Cordoba” uçuş məktəbində baş verən hadisə böyük şok yaradıb. Məktəbdə təlimatçı pilot kimi çalışan 42 yaşlı Leandro Bertazzo həftəsonu 22 yaşlı qadın tələbəsinə “Cessna C-150” tipli təyyarədə uçuş dərsi keçirdi.
Uçuş zamanı psixiatrik müalicə aldığı bildirilən pilot qəfil qərar verərək kabin qapısını açıb və özünü təyyarədən ataraq həyatına son qoyub.
Hadisədən dərhal sonra vəziyyəti aidiyyəti qurumlara bildirən tələbə yaşadığı güclü sarsıntıya baxmayaraq, soyuqqanlılığını itirməyib. O, təlim təyyarəsini təkbaşına idarə edərək uğurla uçuş-enmə zolağına endirməyi bacarıb.
Pilotun cansız bədəni hadisədən təxminən 20 dəqiqə sonra yaxınlıqdakı tarlada aşkar edilib.
Uçuş məktəbinin rəhbərliyi açıqlamasında bildirib ki, tələbə ağır psixoloji vəziyyətə düşsə də, yüksək peşəkarlıq nümayiş etdirib: “Tələbəmiz çox sarsılmışdı, lakin o, əsl peşəkar kimi davrandı və mükəmməl eniş etdi.”
Bahar Babaşova,
BakuPost