Masallı rayonunda olan fermer Anar Abbasov yaxın vaxtlarda pomidorun qiymətində ciddi artım olacağını deyib.
Fermer “Qaynarinfo”ya bildirib ki, hazırda bazarda satışda olan pomidorun böyük hissəsi istixanalarda yetişdirilən məhsullardır. Yaxın günlərdə açıq sahələrdə yetişən pomidorlar satışa çıxarılacaq və onların qiyməti daha yüksək olacaq.
Bunu isə o, pomidorun məhsuldarlığında ciddi azalmanın olması ilə əlaqələndirib. Fermerin sözlərinə görə, ötən il bir koldan 120-170 ədəd pomidor yığılırdısa, indi bu göstərici 25-30 ədəd arasında dəyişir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov
Bakupost.az-a bildirib ki, bəzi fermerlərin bu sayaq məlumatları pomidorun qiymətinin artmasına hesablanmış ajiotaj yaratmaq cəhdidir:
“Bu gün ölkədə heç kim nə qədər pomidor istehsal olunduğu və olunacağını söyləyə bilməz. Belə bir uçotu heç kim aparmır. Yalnız Dövlət Statistika Komitəsi ilin sonu, yaxud da aybaay yerlərdən məlumat alır və ona əsasən də hesablamalar aparır”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycandan Rusiyaya göndərilən pomidorun satış imkanları zəifləyib:
“Rusiyaya Azərbaycandan böyük həcmdə pomidor çıxarılır. Amma şimal ölkəsində pomidor satışı ilə məşğul olan soydaşlarımız ziyana işləyirlər. Ukrayna dronlarla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan böyük bir bazarı vurub. Ondan sonra orada pərakəndəlik yaranıb. Həmçinin, artıq Rusiyanın özünün istehsal etdiyi məhsul da bazara çıxarılıb. Hansı ki, onlar da daha ucuz qiymətə təklif edirlər. Belədə, Azərbayandan göndərilən pomidorun satış imkanları bir qədər daralıb”.
Belə vəziyyətdə, ekspertə görə, yerli sahibkarlar satlıq pomidoru daxili bazara yönəltməli olacaqlar:
“Yəqin Rusiyada mövcud olan bu siqnal artıq yerli sahibkarlara da çatıb. Belədə onlar Rusiyaya ixracı dayandırmalı və pomidor məhsulunu daxili bazara yönətməli olacaqlar. Nəticədə bazarda pomidor təklifi artacaq. Ona görə də bu sahədə hansısa bir ajiotaj yaratmağa ehtiyac yoxdur. Əksinə, mövcud vəziyyətdə yaxın zamanlarda daxili bazarda pomidorun qiymətində enməni müşahidə edəcəyik. Belə ajiotaj yaradanlar olmasa, bazarda qiymət dəyişikliyi stabil diapozonda baş verəcək”.
Rüfət Sultan, BakuPost