Putin Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla yatmış Avropanı oyatdı. Belə görünür ki, bundan sonra Avropanın əleyhinə, qarşısında olan dövlətlər gələcəkləri ilə bağlı dərindən düşünməli olacaqlar. Bütün Avropa boyu hərbi, xüsusilə də dron istehsal edən zavodların tikintisi görünməmiş vüsət alıb. Elə bir vəziyyət yaranıb ki, nəhəng avtomobil şirkətlərinin dron istehsalına başlayacağı, musiqi axını proqramlarının dron istehsalına sərmayə yatırmağa başladığı haqqında məlumatlar yayılır.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.
“Franceinfo” xəbər verir ki, Fransanın dünyaca məşhur “Reno” (Renault) avtomobil şirkəti Ukraynada dron istehsalına başlayacaq.
Avropanın iki ən böyük musiqi axını proqramından biri olan İsveçin “Spotify” şirkətinin baş direktoru Daniel Ekin Prima Materia Fondu Almaniyanın dron istehsal edən “Helsing” şirkətinə 100 milyonlarla sərmayə yatırır. Döyüş meydanından toplanmış böyük həcmdə məlumatları təhlil edən süni intellekt proqram təminatının satışında ixtisaslaşmış “Helsing” şirkəti Ukraynaya dörd min HF-1 kamikadze pilotsuz uçuş aparatını verdikdən sonra indi də altı min HX-2 hücum dronu verməyə hazırlaşır. HX-2 dronları mexaniki görmə və süni intellekt sistemi ilə təchiz olunub. Uçuş məsafəsi 100 kilometr olan HX-2 dronları radio-elektron mübarizə vasitələrindən yayınma qabliyyətinə malikdir. “Helsing” şirkəti bütün Avropa boyu yeni zavodlar qurmağı hədəfləyir.
Avtomobil istehsalçısı və musiqi platformasının sahibi dron istehsalına başlayıbsa, bu, Avropanın hərbiləşməsinin bu günə qədər görünməmiş miqyas alması deməkdir. Sərmayə, texnologiya, elm və bacarıqlı kadrların varlığı Avropanı gerçək bir hərbi-texnoloji gücə çevirəcək. Avropada heç bir siyasi cərəyan, təşəbbüs belə bir vəziyyətin yaranmasına nail ola bilməzdi. Rusiyanın heç bir vaxt arzulamadığı bu vəziyyəti Putin Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla yaradıb. Bunun cəzasını isə Rusiya və rus xalqı çəkəcək”.
Asena,
BakuPost