Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin şəxsi saytı bloklanıb.
Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hazırda http://ramizmehdiyev.preslib.az/ domeninə giriş mümkün deyil.
Amma bunun səbəbi barədə heç bir açıqlama verilməyib.
R.Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi 2018-ci ilin may ayında istifadəyə verilib.
Elektron kitabxanada R.Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri yer alırdı.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.