Bakı Metropoliteni QSC şəhid ailəsi üzvlərinin metrodan pulsuz istifadə etməsinə qadağa qoyulması barədə iddialara aydınlıq gətirib.
Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, qurum belə bir güzəştin əvvəllər mövcud olmadığını, ona görə də onun ləğvindən söhbət gedə bilmədiyini bildirib.
“Şəhid ailələrinin üzvləri metrodan hər hansı sənəd və ya vəsiqə təqdim etməklə pulsuz istifadə edə bilməzlər. Çünki qanunvericilikdə bu barədə hər hansı müddəa nəzərdə tutulmayıb”, - Bakı Metropoliteni QSC-dən qeyd olunub.
Məlumata görə, metrodan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
Bildirilib ki, yalnız aşağıdakı şəxslər metrodan pulsuz istifadə etmək hüququna malikdirlər:
“7 yaşınadək uşaqlar – Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən, sərnişinlər 7 yaşına qədər uşaqlar üçün gediş haqqı ödəmirlər.
Xidməti vəzifələrini icra edən polis əməkdaşları – “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə uyğun olaraq, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksilər və şəhərlərarası nəqliyyat istisna olmaqla) ödənişsiz istifadə edə bilərlər.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.
Eyni zamanda, 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 4-cü bəndinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddət çərçivəsində xidmət edən əsgərlər, matroslar və çavuşlar aid edilirlər”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə belə bir iddia yayılıb ki, guya “Bakı Metropoliteni” rəhbərliyinin yeni qərarına əsasən şəhid ailələrinin üzvləri artıq vəsiqə təqdim etməklə metrodan pulsuz istifadə edə bilməyəcəklər.