"Tesla" şirkəti "Dojo" superkompüterinin hazırlanması ilə məşğul olan komandanı buraxmaq qərarına gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi daxili mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, layihənin rəhbəri də şirkəti tərk edəcək.
"Dojo" layihəsinə rəhbərlik edən Piter Bennon şirkəti tərk edir, baş direktor İlon Mask isə bu təşəbbüsün dayandırılması barədə göstəriş verib", - deyə açıqlamada vurğulanıb.
O da qeyd edilib ki, layihə üzərində işləyən 20 əməkdaş bu yaxınlarda digər departamentlərə yönləndirilib.
"Tesla" xarici texnologiya tərəfdaşlarına - hesablama həlləri üçün ABŞ-nin "Nvidia" və "Advanced Micro Devices" şirkətlərinə, çiplərin istehsalı üçün də "Samsung Electronics"lə əməkdaşlığını gücləndirməyi planlaşdırır.
"Dojo" superkompüteri - "Tesla"nın elektromobillərinin avtopilot və tam avtonom idarəetmə funksiyalarının, eləcə də "Optimus" humanoid robotunun əsasını təşkil edən süni intellekt modellərinin təlimi üçün hazırlanmış sistemdir. "Morgan Stanley Amerika" maliyyə konqlomeratının analitikləri hesab edirdilər ki, "Dojo" "Tesla"nın əsas rəqabət üstünlüyünə çevrilə və şirkətin kapitallaşmasını 500 milyard dollar artıra bilərdi.