Ru
12:24 / 18 Fevral 2021

Xalq artisti gecəyarı bulaq başında... – Naxçıvanda maraqlı olay

4464

Aylı gecə, məlahətli səs, quruyan bağlar…







Çingiz Özgür


Qürbətdəki kəndçim Rövşən Abdullayevə məktub.


Eşitmisən yəqin, qada, bu il möhkəm soyuqdur kənddə. Xeyli də qar yağıb. Yox, deyəsən “xeyli” sözü ilə düzgün ifadə edə bilməyəcəyəm, heç “çox” da, “çoxlu” da ifadə etməyəcək. Gərək ikimizin də sevimli müəllimi Səid müəllimin xoş ləhcəsi ilə deyim: “Bu il kəndə qar laaaaap çox yağıb!” Hə, bax indi düz oldu. Deyəcəksən ki, “Qarın çoxundan ziyan yoxdur”.

Düzdür, bizim kənddə qışda qarın bolluğu, yayda suyun bolluğudur. Suyun bolluğu məhsulun bolluğudur, gül-çiçəkdir, əkin-əkinəcəkdir. Hətta əmin-amanlıq, mehribançılıqdır. Bəli- bəli, yayda bol su mehribançılıqdır. Hamı bir-biriylə can deyir, can eşidir. Böyüklərin bağı suya doyur, bağçası çiçək açır. Uşaqların üzü gülür, ürəyi çiçək açır. Çayın qabağına daşları qalamaqla yaranan balaca göl, dünya boyda xoşbəxtlikdir kənd uşağı üçün…

Vay o gündən ki, su qəhətə çəkilə. Vay o qışdan ki, qarı az ola, yay girməmiş “Yağlı dərə”nin “Haça”sı qarala, kırsları əriyib qurtara. Vay o ildən ki, bağlar-əkinlər sarala, qocaların üzlərinə kədər gələ, uşaqların gözləri gülməyə…

Rövşən qada, o il yenə qar az yağmışdı. Kəndə bəlkə də heç yağmamışdı, dağlara da belə az-maz. Ayları qarışdıran yaşlı kişilərin təbiri ilə desək, “n”-nın (iyun) sonu, “l”-nın (iyul) əvvəlləri çay ortasındakı daşlarla, aşağıdan yuxarıya doğru “dişini ağartmağa” başlamışdı. Əvvəl “Xəlli” susuz qalmışdı, sonra “Vang”, “Cəyənlik”, “Almalıq”, “Çay keçəyi”…

Gözünü bağın məhsuluna, payızda satıb illik ruzisini çıxaracağı əkinəcəyə dikən kəndçi, gün keçdikcə təhlükəni daha yaxından hiss edirdi. Hətta, kəndin ən yuxarısında da su problem hiss olunurdu. Bağ suvarmaq üstə yalanın, hiylənin biri bir qəpik idi.

Elə həmin il idi, dostlarımız rəhmətlik Qəzənfər kişinin üzünə durmuşdular ki, suyu suvarma növbəsi bizdədi, sən kəsibsən. Halbuki, kişi yaxşı bilirdi, öz növbəsidi, bayaqdan suvarırdı da. İki tərəf də bilirdi ki, növbə də, haqq da Qəzənfər kişinin tərəfindədi. Di gəl, bağ yanır axı. Dostlarımızın dirənişinin qarşısında, su kimi saf, sakit kənd ağsaqqalı bircə kəlmə demişdi: “Aparın, aparın bağuuzu suvarın, ama ta zad eləməyin…” Beləcə də demişdi. “Zad eləməyin!”

İkicə kəlməylə kişi nə deməliydisə, hamısını demişdi. İndi bu iki kəlməni zərb–məsələ çevirmişdik. Kim haqqı qoyub nahaq danışarsa, bircə cümlə deyərdik: “Apar suvar, amma zad eləmə…”

Bir tərəfdən də, “may böcəkləri”, yəni kənddəki babaların şəhərdəki nəvələri tökülüşüb gəlmişdi. Bütün dünyada hər zaman gündəmdə olan “atalar-oğullar” davası, bizim kənddə “babalar-nəvələr” timsalında aparılırdı, sən də bilirsən bunu. Hər baba öz nəvəsinə eldən, obadan, adət-ənənədən uzaq düşməməkçün “mühazirələr” oxuyurdu, di gəl hara çatır. Nəvələrin nə el dərdi vardı, nə də oba. Babalar bizim kinolardan deyirdi, nəvələr xarici filmlərdən cavab verirdi. Babalar bizim musiqidən danışırdı, nəvələr ən yaxşı halda Türk estradasından zümzümə edirdi.

Bir dəfə nəvələrdən biri “Biz böyləmi gördük babamızdan, elə günə rəzil olduk, yeni adət gəlmiş əski köyə bak, dostlar mahv olduk”- deyə oxuyanda, babası sevinirmiş ki, nəvəm deyəsən ağıla–kamala gəlib, babalardan görülənə dönmək istəyir. Yazıq kişi hardan bilsin ki, nəvəsi Tarkanın mahnısını oxuyur?
Babalar bilmirdi, yanıb külə dönən bağlara yansın, yoxsa nəvələrlə məşğul olsunlar. Beləcə həmin il payız gəlmədən bağların rəngi qeyri-təbii yolla saralırdı.



Nə isə ki, qədim üsul var idi. Kəndi hissələrə bölüb, növbə ilə suvarmaq. Bununçün gərək, yuxarıdakılar öz növbəsi olmayan vaxt suya dəyməyəydi, di gəl su axa gedə, kəndçi həftədə bir dəfə suvara, olmaz elə şey. Kimin bağına su çatırdısa, suvaracaqdı. Demək ki, nəzarət lazımdır. Bizim kəndlərin lüğəti ilə desək, “arxlar yıxılmalıydı.”
Yuxarı arxların növbəsi keçdimi, qoymurduq o arxlara su vurulsun, beləcə, kənd yuxarıdan aşağıya su içə-içə gəlirdi. Bütün bağların su içməsi 5-6 gün çəkirdi. Yəni növbəni qaçırdınsa, növbəti dəfə 5 gün sonra su olacaqdı. Daha orası kimsəyə maraqlı deyildi, bol suyun hesabına azı üç gündən bir su içməklə becərilən kələm, tərəvəz ilin ən isti günlərində on gün susuz dözə bilərdimi? Dəxili yoxdur, növbə növbədi.

Ona görə belə ayrıntılı yazıram ki, nə baş verdiyini tam çatdıra bilim. Bax sonra demə ki, Çingiz yenə uzunçuluq edir. Bilsən də, yadından çıxmış olar deyə, ətraflı izahat verirəm.
Yuxarıdan arxlara suyun bağlanmamasına nəvələr nəzarət edirdi, babalar onların saqqızını bir təhər oğurlamışdılar. Həm də ona görə onları yuxarı göndərmişdilər ki, aşağıda su üstdə narazılıqlar olması mümkün idi. Bu halda dünyagörmüş kişilər daha səbirli davranırdı, nəyinki beyniqanlı gənclər. Kimsə istəməzdi bu çətin günlərdə bir də araya qanqaraçılıq düşsün.

Hə, deyəsən əsas məsələni unutmuşam axı. Bütün bu “su yıxma və suvarma” prosesləri gecələr baş verirdi. Axşamdan ta səhər saat altı- yeddiyə kimi. Qalan vaxtı su yuxarıların idi. Vəzifəlilərin yox a, kəndin yuxarılarında bağı olanların.
Beləcə dörd gün keçmiş, yuxarıdan aşağı bütün bağlar su içmişdi, qalırdı ən aşağılar. “Şəfa bulağı”nın növbəsi idi bu gecə. Nəvələrin saat doqquzdan sonra arxların dəhnəsini bağlayıb üzüaşağı göndərdiyi su gecə yarıya, saat birə-ikiyə ancaq gəlib çatardı. Babalar üzüaşağı gedəndə, elə gözəl ay işığı var idi ki, gecə yarı olmasına baxmayaraq, xeyli uzaqdan kimin–kim olduğu bilinirdi. Çaydakı suyun şırıltısı ilə ayın işığı birləşib babaların üzündə nura dönmüşdü sanki. “Lapatka”larını çiyninə atıb üzüaşağı elə xoşbəxt gedirdilər, deyərdin bəlkə, bütün problemləri bu gecə həll olacaq.

Kişiləri üzüaşağı yola salıb, gündəlik söhbətlərimizi bitirib evimizə dağılışdıq.
Biz səhəri bildik, gecə üzüaşağı gedən babalar, səhərə yaxın “əlləri lapatkalarından uzun”, bağ-zad suvarmadan qayıdıblar geriyə. Onu da bildik ki, tapanda az qala gözümüzə təpdiyimiz su, bütün gecəni çay aşağı axıb gedib, kimsə yiyə durmayıb. Sonra onu da öyrəndik ki, bağ suvarmalı olan babalar, onların bütün gecə çəkdiyi əziyyəti yerə vurduqları üçün, nəvələrlə möhkəmcə üz-göz olublar. Neçə nəvə az qala küsüb Bakıya gedirmiş, ataları zəng edib nə deyibsə, yarı yoldan qayıdıblar. Bir az sonra da məlum oldu ki, babalar suyun boşa getməsindən daha çox, vəziyyəti nəvələrinə başa sala bilməməyin dərdini çəkirlər. Hətta iş o yerdədi ki, bağ-bağat da, əkinəcək də gözlərindən düşüb…

Bəs o sirli gecədə nə baş vermişdi ki, suya-torpağa bu qədər həssas insanlar, məhsulun yanıb külə dönmə təhlükəsinə rəğmən, yenə də bağlarını suvarmamışdılar? İndi yaxın dur, ay qada.

Sən demə, xalq artisti Səkinə xanım İsmayılova hansısa tədbir üçün Naxçıvanda qonaqdır. Tədbir bitər–bitməz Naxçıvanın istisindən qaçıb, düz bizim kəndə, “Şəfa bulağına” pənah gətirib, başının dəstəsi ilə. Sərin bulaq suyunun ardından, ayın süd ağ işığına bürünmüş əsrarəngiz kənd təbiəti sənətkarın istedadını “bir yerdə qərar tutmağa qoymuyub”, zümzüməylə başlayan xalq mahnıları, elə bizim babalar oraya çataçatda “Aylı gecə, sərin külək, göy çəmən”in sədalarına dönüb, dalğa- dalğa yayılmağa başlayıb. Babalar ecazkar səsin təsirindən, bardaş qurub düz sənətkarın qarşısında əyləşib, alqışlamağa başlayıblar. Beləcə, “Xalq Artisti Səkinə İsmayılovanın babalar üçün canlı konserti” düz səhərədək, su kəsilən vaxtadək davam edib.

Ürəkdəki yanğı bütün yanğılardan daha betərdi deyirdilər ha, qada, bax bu deyəsən, elə onun özüymüş. Babalar öz nəvələrinin timsalında məhv olmağından qorxduqları milli adət-ənənəni, milli musiqinin yanğısını o gecə ordakı möhtəşəm səsin verdiyi güvənlə, rahatlıqla söndürüblər. Bir daha, canlı-canlı əmin olublar ki, bu xəzinə yox olan deyil!

Səhər qayıdarkən babaları görənlər, and-aman edirdilər ki, onların üzlərindəki xoşbəxtlik ifadəsi nə bağ suvarmaqla, nə tərəvəz becərməklə olacaq bir şey deyildi. Kişilər nə isə, fərqli bir sevinc və rahatlıqla dönürmüşlər kəndə.
Ürəyindəki yanğını söndürmüş adamın huzuru imiş o ifadə…

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər