Psixiatr yeniyetmələrdə depressiyanın ilkin əlamətlərini açıqlayıb.
"Yeniyetmələrdə depressiya çox vaxt "keçid dövrü" və ya "şıltaqlıq" kimi qiymətləndirilir. Amma bu, çox təhlükəli yanılmadır".
Bakupost.az Oxu.Az-a istinadla verdiyi məlumata görə, bu barədə tanınmış rusiyalı psixiatr Alina Popoviç bəyan edib.
Onun sözlərinə görə, ilk siqnal adi fəaliyyətlərə marağın itməsidir.
"Dərslər, idman, hobbilər artıq sevinc gətirmir, boşluq hissi yaranır: "istəmirəm", "bacarmıram", "mənası yoxdur" deyirlər. Əgər bu vəziyyət uzun müddət davam edirsə, yeniyetmə özünə zərər verirsə, dostlarla və ailə ilə ünsiyyətdən qaçırsa, bu artıq ciddi xəbərdarlıqdır. Depressiya sadəcə kefsizlik deyil - o motivasiyanı və həyat enerjisini tamamilə azaldır", - deyə həkim xəbərdarlıq edib.
Popoviç bildirir ki, belə hallarda "özünü ələ al" demək faydasızdır.
"Əgər apatiya iki həftədən çox davam edir, "heç kimə lazım deyiləm" kimi düşüncələr yaranırsa, mütləq psixiatrla əlaqə saxlamaq lazımdır", - deyə ekspert tövsiyə verib.
Mütəxəssis vurğulayır ki, vaxtında müraciət edildikdə, psixoterapiya və dəstək müalicəsi gəncin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.