Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtona son səfəri əvvəlkilərdən tamamilə fərqli olub. ABŞ-a səfər edən Zelenski əvvəlki sərt və özünə inamlı davranışlarından imtina edərək, daha çox mülayim və ehtiyatlı görüntü sərgiləyib. Zelenski bu dəfə qorxu və təcrid olunmaq hissi ilə hərəkət edib.
Bakupost.az xəbər verir ki, bu barədə məşhur psixiatr və yazar Karol Liberman bildirib.
Liberman Zelenskinin davranış və bədən dili ilə bağlı maraqlı müşahidələrini bölüşüb.
Onun sözlərinə görə, Zelenski ilk səfərində Donald Trampa qarşı hörmətsiz davranaraq sanki bütün kartlar əlindəymiş kimi hərəkət etmişdi. Lakin Trampın Putinlə Alyaskada uğurlu görüşündən sonra Zelenski Vaşinqtona daha təvazökar və nəzarətin onda olmadığını anlayaraq gəlib:
“Bu dəfə o, hər kəsin alışdığı hərbi geyimlərindən imtina edərək qara kostyum geyinib, daha rəsmi və itaətkar təsir bağışlayıb. Tramp ilə görüşdə əl sıxması da daha soyuq və ölçülü olub. Oval ofisdə isə Zelenski gərginlik keçirib – əllərini birləşdirərək baş barmağını o birinə vurması onun narahatlığını göstərib”.
Libermanın sözlərinə görə, Zelenski bu dəfə Trampı razı salmaq üçün gülümsəyib, başı ilə təsdiqləyib və dəfələrlə ABŞ-ın sülh təşəbbüslərinə və silah dəstəyinə görə təşəkkür edib:
“Halbuki ilk görüşdə bunu etmək üçün Tramp onu təşviq etməli olmuşdu. Hətta Zelenski ABŞ-ın Birinci xanımına həyat yoldaşının məktubunu təqdim edib – bu da Melaniyanın Putinlə bağlı jestini təkrarlamağa çalışması kimi dəyərləndirilib.
Bu görüşə fərqli bir Zelenski gəldi – artıq güc nümayiş etdirməyə çalışan deyil, əksinə, Trampı razı salmağa can atan. Onun əməkdaşlıq ruhu isə gücdən deyil, Avropa liderlərinin dəstəyi fonunda təcrid olunmaq qorxusundan qaynaqlanıb”.