Ru
09:58 / 17 Sentyabr 2021

İran Zəngəzur dəhlizinin yaradılmasını niyə istəmir - Erməni sevgisi, yoxsa iqtisadi maraqlar?

9021
"Görünür, İran Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünə o qədər də isti yanaşmır, çünki bu, Türkiyə, Çin və s. yeni güclərin bölgədə oturuşmasına səbəb olacaq".

Bunu Bakupost.az -a politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, digər tərəfdən, Zəngəzur dəhlizinin işə düşməsi İranı Azərbaycanı Naxçıvanla quru yolla birləşdirmək imkanı olan tranzit ölkə statusundan məhrum edə bilər:



"Azərbaycan və Türkiyənin Zəngəzurda möhkəmlənməsi İranın Ermənistan vasitəsilə Gürcüstana, oradan da Avropaya çıxış imkanlarını məhdudlaşdıra bilər. Bu, uzun illər embarqo altında yaşamaq kimi acı təcrübəsi olan İran üçün qorxulu geopolitik perspektivdir. Paşinyandan fərqli olaraq Ermənistanda da bu məsələyə mənfi yanaşanlar çoxdur. Onların əsas arqumenti bundan ibarətdir ki, onsuz da Ermənistan bundan istifadə edə bilməyəcək, çünki dəmiryolları onların Sünik, bizim isə Zəngəzur adlandırdığımız əraziyə qədər uzanmır, ərazi dağlıq, relyefi mürəkkəb olduğundan yenilərini çəkmək olduqca baha başa gələcək. Kasıb Ermənistan büdcəsi buna imkan vermir".

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük savaşdakı qələbəsi də bizim olduğumuz bölgədə və bitişik regionlarda yeni səhifə açıb, bölgədə marağı olan dövlətlərin geostrateji planlarında korrektələr və yeni yanaşmalara zərurət yaradıb:



"Azərbaycan müharibənin qalib tərəfi olaraq əsas şərtlərdən biri kimi Zəngəzur dəhlizinin açılması məsələsini irəli sürüb. Bu, tamamilə qanuni şərtdir və əslində, regionun inkişafı üçün əlverişli zəmin yarada bilər. 10 noyabr sazişində də bu müddəa öz əksini tapıb və Ermənistan bununla bağlı Paşinyanın imzası ilə üzərinə öhdəlik götürüb. Təbii ki, bölgədə yaranmaqda olan yeni düzəndən hər kəs uduşla, mümkün qədər çox pay qopartmaq istəyir. Rusiya, İran, Türkiyə kimi görünən oyunçulardan başqa, kölgə kimi arxa planda qalmağa çalışan İngiltərə, Çin, İsrail və s. ölkələr də prosesdən yararlanmaq istəyirlər. Üstəlik, Minsk qrupunun həmsədri ABŞ və Fransa da kənarda qalmaq istəmir və maraqlarını təmin etmək uğrunda sonadək diplomatik və s. vasitələrlə savaşmaq istəyirlər. İrana gəlincə, təbii ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət hər bir ölkənin, o cümlədən İranın riayət etməli olduğu məsələdir. Bölgədə rus sülhməramlılarının olması İranı onlarla hesablaşmaq, iş görmək öhdəliyinə təhrik etməməlidir. Nəticədə, Qarabağ Azərbaycanın hüquqi cəhətdən bütün beynəlxalq normalarla tanınmış ərazisidir və sülhməramlılarla 5 illik iş birliyi edib əbədi qonşunun etimadını itirmək olmaz”.

Politoloq qeyd edib ki, Azərbaycan vaxtilə Ermənistanın işğalı altında qalan İranla 132 km sərhəd ərazisinə nəzarəti özünə qaytarıb:



"Bununla da cənub qonşumuzla yenidən həmin sərhədlərdə əlaqələr bərpa olunacaq. Təbii ki, İran blokadada qaldığı illərdə Ermənistan vasitəsilə dünyaya çıxa bilib, eləcə də Ermənistan öz işğalçılıq siyasəti ucbatından Azərbaycan və Türkiyə tərəfindən blokadaya alındıqdan sonra uzun illər İrana elektrik enerjisi satmaqla müəyyən qədər ayaqda qala bilib, İranın bank əməliyyatlarına şərait yaradıb, həm də katolik ermənilər vasitəsilə İran Vatikanla, Papa ilə əlaqələr yaradaraq ABŞ-a qarşı Avropanın dəstəyini ala bilib. Yəni siyasət çox dərin və müəmmalarla dolu bir sahədir. Lakin İran-Ermənistan, İran-Azərbaycan əlaqələri bu gün yeni reallıqlarla üz-üzədir. Hər bir halda, Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir və onun pozulması yolverilməzdir. Lakin hər şeyin bir qızıl açarı var: güclü olmaq, söz sahibi olduğunu göstərmək və “Qarabağ Azərbaycanındır” məsələsində bütün güclərin bizimlə həmrəy olmasına nail olmaq”.

Ayan Əlizadə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər