Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbacyanda 18 yaşdan aşağı nikaha icazə verilməməsi ilə bağlı məsələ qaldırıb:
“Biz hazırda Ailə Məcəlləsinin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı, cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk. Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır".
Bəs, indiyə qədər istisna hallar niyə nəzərə alınırdı? Onların aradan qaldırılması hansısa problemlər yarada bilərmi?
Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova Bakupost.az -a açıqlamasında 17 yaşda nikahların sui-istifadəyə gətirib çıxardığını bildirib:
“18 yaşına çatmamış şəxsin bəzi səlahiyyətləri olmadığı üçün kimlərsə qəyyumluq, valideynlik hüququndan sui-istifadə edərək onların yerinə qərar qəbul edir. Bu da məcburi nikahlara gətirib çıxarır. 18 yaşdan sonra şəxs müstəqildir. Valideyn də olsa, 18 yaşdan sonra onun övladının işinə qarışması məcburiik xarakteri daşıyır. Düzdür, bizdə 25 yaşında da məcbur edirlər. Lakin bu valideynin səlahiyyəti deyil”.
M.Zeynalova 18 yaşdan aşağı nikaha istisna hallarda icazə verilməsinin aradan götürülməsini vacib hesab edir:
“Bəziləri yaşadıqları yerin icra hakimiyyətinə müraciət edib erkən nikah üçün icazə alır. Əsasən, oğlan tərəfi bildirir ki, kimsə ölüm ayağındadır, yaxud xəstədir. Bu kimi bəhanələr səsləndirirlər. İcra hakimiyyəti də buna razılıq verir. Bu da erkən nikaha səbəb olur. Bu istisna halları aradan götürülsə, icra hakimiyyətlərinin bəhanələri də aradan qalxar. Qanun pozuntusuna görə məsuliyyətə cəlb oluna bilərlər. Kiminsə xəstəsi varsa, sosial xidmətlərə müraciət etsinlər. Gəlin kiminsə xəstəsinə baxmaq üçün gəlmir. Ailə qurmaq, birgə yaşamaq, ailənin bir üzvü olmaq üçün gəlir. Bu kimi bəhanələr yersizdir”.
Aynur İbrahim
BakuPost