ABŞ administrasiyası Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin 2026-cı ilin sonunadək imzalanacağını və ratifikasiya olunacağını gözləyir.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb.
Nəşr yazır ki, bu saziş ABŞ-ın postsovet məkanında təsirini gücləndirmək istiqamətində ən böyük cəhdlərdən biridir və Tramp administrasiyasının guya “Kremllə bölgədə təsir dairəsini bölüşmək” niyyətində olmadığına bariz sübutdur.
Məlumata görə, imzalanmış çərçivə sazişi yekun sənədin hazırlanmasına yol açır. Bu sənəd Azərbaycanın və Ermənistanın sərhədlərinin bərpasını, diplomatik münasibətlərin tam normallaşmasını və Cənubi Qafqazda ticarət yollarının açılmasını nəzərdə tutur.
Eyni zamanda, razılaşma bölgədə iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsini, tranzit dəhlizinin inkişafını, enerji və nəqliyyat sektoruna böyük investisiyaların cəlb edilməsini də əhatə edir.
Bununla belə, prosesdə risklərin mövcud olduğu vurğulanır: Bakı ilə İrəvan arasında dərin etimadsızlıq hələ də qalır, həmçinin Rusiya və İranın bölgədə ənənəvi təsirini qorumaq məqsədilə müqavimət göstərə biləcəyi ehtimal edilir.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tarixi anlaşmaya imza atmışdılar. Həmin sənəd tərəflər arasında çərçivə sazişi rolunu oynayaraq gələcək sülhün əsasını qoydu.