Ru
12:49 / 06 May 2024

Astana danışıqları: hansı razılaşmalar əldə oluna bilər? – Siyasi şərhçilər ehtimallarını açıqladılar

12574
Məlum olduğu kimi, Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə dair yeni razılaşma əldə olunub. Nazirlərin növbəti görüşünün Almatıda keçiriləcəyi təsdiqlənib. Tərəflər Almatı görüşünə hazır olduqlarını da bəyan ediblər.

Görüş mayın 10-da baş tutacaq.



Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sülhün əldə olunması üçün fəal işləyir:


“Danışıqlar Azərbaycanın hazırladığı sənəd əsasında aparılır. Biz indi sülh prosesində müsbət tendensiya görürük. Sərhədin delimitasiyasına başlanılıb. Təkcə delimitasiya deyil, həm də sərhədlərin demarkasiyası”.


Prezidentin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası heç bir vasitəçi olmadan iki ölkə arasında əldə olunan razılaşmalar əsasında həyata keçirilir:


“Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə sülh yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”.

Analitiklərin fikrincə, Almatı görüşündə sülhə dair çərçivə sazişinin razılaşdırılmış variantının müzakirə olunacağı ehtimalı var.



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri, politoloq Fərid Şəfiyevin sözlərinə görə, delimitasiya prosesinin başlaması və müsbət məqamlar onu göstərir ki, Bakı və İrəvanın vasitəçisiz danışıqlarında nəticələr əldə olunur:


“Qazaxıstanda XİN başçılarının görüşü də vasitəçilərsiz danışıqlar formatına daxildir. Düzdür, görüş Almatıda keçiriləcək, amma bu, Qazaxıstanın vasitəçiliyi demək deyil. Rəsmi Astana da görüş barədə açıqlamasında danışıqlara sadəcə ev sahibliyi etdiyini bəyan etdi. Yəni, Qazaxıstan sadəcə olaraq, danışıqlar meydanıdır. Orada iki ölkənin nazirləri müzakirə aparacaqlar və kənar müdaxilə olmayacaq”.

Politoloq bildirib ki, nazirlərin Almatıdakı görüşündə detallar üzrə müzakirələr gözlənilir və yəqin ki, nələrsə razılaşdırılacaq:

“Hesab edirəm ki, bir sıra məsələlər tamamilə həll edilsə, bu, sülhlə bağlı çərçivə sənədində həllini tapacaq. Bir nömrəli məsələ Ermənistanın Konstitusiyasındakı Qarabağa iddia məsələsidir. Bu Konstitusiya dəyişməlidir. Digər məsələ delimitasiya və demarkasiya, eyni zamanda nəqliyyat-kommunikasiya ilə bağlı problemlərdir. Delimitasiya prosesinin artıq başladığını demək olar”.




Millət vəkili Aydın Mirzəzadə deyir ki, Qazaxıstan görüşündə müzakirə olunacaq mövzu ilk növbədə sülh müqaviləsinin işlənməsidir. Tərəflərin verdiyi bəyanatlara görə, sülh müqaviləsi əsasən hazırdır. Lakin ümumi razılığa gəlinəcək bir qrup məsələlər var ki, onların üzərində işləmək lazımdır.


Millət vəkilinin sözlərinə görə, Almatıda müzakirə ediləcək məsələlər içərisində sərhədlərin delimitasiyası və demarkasiyası da yer alacaq:

“Məlum olduğu kimi, Qazaxın 4 kəndinin qaytarılması məsələsi artıq razılaşdırılıb. Ermənistan mayın 15-ə kimi bu kəndləri boşaltmalı və hər iki ölkənin sərhədçiləri demarkasiya olunmuş 12 kilometrlik ərazidə öz mövqelərində dayanmalıdırlar. Nəzərə alaq ki, Ermənistanın işğalı altında daha 4 kəndimiz var. Həmçinin sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bir dəfə deyil, çoxsaylı görüşlərin keçirilməsi mümkündür. İki ölkə arasında müzakirə olunan məsələlərin ortaq məxrəcə gətirilməsinə böyük ehtiyac var. Danışıqların intensiv getməsi sülhün tezliklə əldə olunmasına və tərəflərin növbəti mərhələyə - normal qonşuluq münasibətinin bütün sahələrinin işlənməsinə gətirib çıxaracaq”.



Politoloq Cümşüd Nuriyev bildirib ki, Qazaxıstan tərəflər arasında vasitəçi yox, dialoq platforması kimi çıxış etməyə çalışır. Bunu da müəyyən qüvvələr istəmirlər:


“Xarici işlər nazirləri bundan əvvəl Almaniyada görüşmüşdülər, Berlin də etiraf etdi ki, vasitəçi deyil. İndi nazirləri başqa bir ölkənin ərazisində görüşməlidir. Çünki müharibədən sonra tərəflər dialoq üçün özgər meydan seçirlər. Yəqin Tokayev İrəvanda Paşinyanla razılaşıb ki, bu məsələ gündəmə gəlib”.




Politoloq Aydın Quliyevin dediyinə görə, Almatı görüşünü bu ilin aprel ayında Qazaxın 4 kəndinin qaytarılması ilə nəticələnmiş ikitərəfli danışıqlardan sonra “irəliyə doğru atılan mühüm addım “kimi qiymətləndirmək olar:


“Heç bir vasitəçinin iştirakı olmadan ikitərəfli görüşün keçirilməsinə dair razılaşmanın əldə olunması uğurdur. Çünki Azərbaycanın görüşün ikitərəfli formatda keçirilməsi təşəbbüsü özünü praktik şəkildə doğruldub. Bu mənada Almatı görüşü nəticəsiz başa çatsa belə, uğurlu proses kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, Almatı görüşündə nəticələr ola bilər. Görüşdə xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin yerindən tərpədiləcəyini istisna etmirəm. Çünki həmin dəhliz artıq praktik şəkildə Qazaxıstanın özünün də marağındadır. Əgər Ermənistan bu gün Azərbaycanın bəzi layihələrinə, xüsusilə Orta dəhlizlə bağlı təşəbbüslərinə, eləcə də Avropaya gedən “yaşıl enerji” layihəsinə qoşulmaqda maraqlıdırsa, Zəngəzur dəhlizinin açılmasında həmişəkindən fərqli mövqe nümayiş etdirməlidir. Bu məntiqlə Almatıdakı görüş, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsində müəyyən irəliləyişlərə səbəb ola bilər”.


A.Quliyev bildirib ki, Ermənistandakı bəzi qüvvələr Almatı görüşünün keçirilməsindən narahatdırlar. Onlar Ermənistanın, ümumiyyətlə, Azərbaycanla hansısa razılığa gəlməsini istəmirlər:


“Onların hədəfi danışıqların, sülh prosesinin pozulmasıdır”.




Politoloq İlqar Vəlizadə vurğulayıb ki, əvvəlki illərdə vasitəçilik və ünsiyyət imkanlarının yaradılması təcrübəsi həmişə uğurlu olmayıb. Bəzi vasitəçilər bu işdə öz şəxsi məqsədlərini güdüblər. Qazaxıstan isə çalışır ki, Bakı ilə İrəvan arasında dialoqu asanlaşdırsın:

“Qazaxıstan tərəfinin məqsədi dialoqun məhsuldar olması, tərəflərin maraqlarına cavab verməsi, regionda sülh və sabitliyə şərait yaratmasıdır. Öz növbəsində Qazaxıstan üçün Cənubi Qafqaz regionunda sülh və sabitliyin davamlı olması vacibdir. Rəsmi Astana Cənubi Qafqaz coğrafiyasında həyata keçirdiyi layihələrin sabitlik və proqnozlaşdırıla bilən şəraitdə həyata keçirilməsini istəyir. Qazaxıstan prezidenti Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin həyata keçirilməsinə diqqət yetirir. İrəvan Ermənistanın regional nəqliyyat sistemlərinə inteqrasiyasına imkan verəcək “Dünyanın kəsişməsi” layihəsi ilə çıxış edir. Qazaxıstan isə Ermənistana öz köməyini təklif edir. Lakin bir şərtlə ki, Ermənistan bu mühüm məsələdə Azərbaycanla razılığa gələ bilsin. Beləliklə, Qazaxıstan tərəfi açıq şəkildə bildirir ki, Ermənistan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun iştirakçısı ola bilər, təbii ki, yenə də Bakı ilə razılaşmalar əldə olunarsa”.


İ.Vəlizadənin sözlərinə görə, Qazaxıstanın təklifləri Bakı və İrəvan tərəfindən müsbət qarşılanır:


“Çünki tərəflər konkret nəticə əldə etmək üçün vasitəçilərsiz danışıqlar aparmağa razılaşırlar. Bu mənada Qazaxıstanın təklifi çox yerindədir və tərəflərin maraqlarına cavab verir. Xüsusən də Azərbaycanın. Təşkilatçı tərəf danışıqların ən rahat şəraitdə baş tutmasını təmin etməyə çalışır. Astana formatının uğurlu olacağına ümidlər böyükdür”.


Politoloqun sözlərinə görə, hazırda tərəflər danışıqların elə bir mərhələsindədirlər ki, gündəlikdəki bir sıra məsələlər üzrə konkret razılıqlar əldə ediblər:

“Regional təhlükəsizlik arxitekturası da əldə olunan razılaşmaların necə həyata keçiriləcəyindən asılı olaraq formalaşacaq”.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar