Ru
15:14 / 08 Aprel 2026

Atəşkəs elan olundu, SEPAH hərəkətə keçdi - Yeni müharibə şoku...

Atəşkəs elan olundu, SEPAH hərəkətə keçdi -  Yeni müharibə şoku...
Eye

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında iki həftəlik atəşkəs əldə olunub. ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı axşam saatlarında Pakistanın təklifi ilə İranla iki həftəlik atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Tehranın bu təklifi qəbul etdiyini təsdiqləyib və bu müddət ərzində Hörmüz boğazından "təhlükəsiz keçidə" icazə veriləcəyini bildirib.

Pakistanın vasitəçiliyi ilə əldə olunan bu razılaşma Trampın genişmiqyaslı zərbələr üçün təyin etdiyi vaxtın bitməsinə bir neçə saat qalmış baş tutub.

Razılaşmaya əsasən, ABŞ hücum təhdidlərini dayandırır, İran isə strateji əhəmiyyətli Hörmüz boğazını açmaq öhdəliyi götürür. İki həftəlik müddət müharibəyə tamamilə son qoya biləcək daha böyük bir sazişin müzakirəsi üçün istifadə ediləcək.

Mənbələrin verdiyi məlumata görə, cümə günü İslamabadda sülh danışıqlarının keçirilməsi gözlənilir. ABŞ nümayəndə heyətinə vitse-prezident Vensin rəhbərlik edəcəyi ehtimal olunur. Pentaqon rəsmisi artıq bütün zərbələrin dayandırıldığını desə də, atəşkəs əmrinin SEPAH-ın aşağı rütbəli bölmələrinə çatdırılmasının zaman ala biləcəyini qeyd edib. Atəşkəs Bakı vaxtı ilə səhər saatlarında qüvvəyə minsə də, İrandan İsrailə və bir neçə körfəz ölkəsinə hələ də raketlər atılıb. Bu hal razılaşmanın taleyini sual altına qoyur.

İki həftəlik möhlət: Müharibə yenidən alovlana bilər

Ekspertlər qeyd edir ki, bu atəşkəs tərəflər üçün yalnız 14 günlük bir sınaq müddətidir. Əgər iki həftə ərzində daimi sülh sazişi bağlanmasa və İran Hörmüz boğazını tam şəkildə açmaq öhdəliyinə əməl etməsə, müharibənin yenidən başlayacağı proqnozlaşdırılır. Donald Trampın "dağıdıcı gücü hələlik dayandırdım" xəbərdarlığı, bu müddətin sonunda İranın tamamilə məhv edilməsi təhlükəsinin qaldığına işarədir.

Ekspertlər xəbərdarlıq edir ki, hazırkı sakitlik aldadıcı ola bilər və iki həftəlik müddət başa çatdıqdan sonra Yaxın Şərqdə tarixin ən böyük toqquşması baş verə bilər.

Qeyd olunur ki, atəşkəs elanından sonra maliyyə bazarlarında kəskin müsbət dəyişikliklər müşahidə olunub. Belə ki, "S&P 500" indeksi 1%-dən çox artıb, neftin qiyməti isə təxminən 6% ucuzlaşıb.

İsrailin də atəşkəsə razılıq verdiyi və zərbələri dayandıracağı bildirilir. Lakin Livan cəbhəsində vəziyyət qeyri-müəyyən olaraq qalır. Benyamin Netanyahu İranda atəşkəsə əməl edəcəklərini desə də, Livanda hər hansı bir atəşkəsin olduğunu inkar edib.

Prezident Tramp öz açıqlamasında bildirib: "Pakistan rəhbərliyinin xahişi və İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razı olması şərti ilə, iki həftəlik hücumları dayandırmağa razıyam. Biz İranın təqdim etdiyi 10 bəndlik təklifi aldıq və bunu danışıqlar üçün əlverişli əsas hesab edirik".

İran tərəfi isə bəyan edib ki, əgər İrana qarşı hücumlar dayandırılarsa, ölkənin silahlı qüvvələri müdafiə əməliyyatlarını dayandıracaq və boğazdan koordinasiyalı keçidi təmin edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar