Ru
10:44 / 23 Dekabr 2022

Azərbaycanda 20 il sonra qardaş bacıyla evlənə bilər! - Süni mayalanma fəlakəti – ARAŞDIRMA

43149
Azərbaycanda neçə illərdir, sonsuzluqla mübarizə sahəsində müasir, inkişaf etmiş metodlardan istifadə olunur. Bu metodlardan biri də süni mayalanmadır. Artıq yüzlərlə ailə süni mayalanma yolu ilə övlad, hətta əkiz və üçəm sahibi olur. Lakin məsələnin narahatlıq doğuran, gələcəkdə ciddi fəsadlara səbəb ola biləcək tərəfi də var. İş burasındadır ki, bu sahəyə nəzarət kifayət qədər təmin olunmayıb, bir sıra özbaşınalıqlar, qanunsuz hallar baş verir. Bu da gələcək nəsillərin sağlamlığı nöqteyi-nəzərindən ciddi suallar, hətta təhdid yaradır.


Əslində, süni mayalanma nikahda olan kişi və qadının öz sperma və follikulundan istifadə etməklə hamiləliyin baş tutmasıdır. Bu zaman ailələr öz bioloji uşaqlarına sahib ola bilirlər. Bu cür mayalanma metodu anadangəlmə və ya sonradan uşaqlıq borusu bağlı olan qadınlar üçün nəzərdə tutulub. Bəzən isə kişidə azosperm olduğundan, yaxud qadında follikul yaranmadığı, yumurtalıqları olmadığından onlar uşaq sahibi ola bilmirlər. Belə insanların donorla valideyn olmaqdan başqa çıxış yolu qalmır.


Bəs, donorlar necə tapılır?

Təəssüf ki, ən çox narahatlıq doğuran da elə bu məqamdır. Çünki son vaxtlar donor axtarışı əsl qazanc mənbəyinə çevrilib. Bu sahədə hökm sürən xaotik seleksiya, donor seçimi qan qohumu olan insanların süni mayalanma prosesinə cəlb olunmasına, bu isə olduqca arzuolunmaz və təhlükəli nəticələrə səbəb ola bilər. Yaxud eyni donordan olan, müxtəlif ailələrdə böyüyən uşaqlar arasında gələcəkdə nikah bağlanması da cəmiyyət üçün ciddi problemlər vəd edir.


Bakupost.az uzun müddətdir elan saytları və sosial şəbəkələrdə “Qadınlardan follikul alırıq, donor ol, pul qazan” elanlarının izinə düşərək araşdırma aparıb. Araşdırma zamanı İnstaqram, TikTok, Feysbuk sosial şəbəkələri və elan saytlarında açıq-aşkar elan verən follikul “makler”lərindən ikisi ilə həmsöhbət olduq.




Öyrəndik ki, şərtlərə görə, donorluq müqabilində 27 yaşa kimi sağlam kişilərə 50 manat, qadınlara isə 500-700 manat ödəniş müqabilində onlardan yumurta hüceyrələri toplayırlar. Qadınlar üçün maksimum yaş həddi 28 yaşa kimidir. 30 yaşdan yuxarı donorları paytaxtda yalnız 1-2 mərkəz qəbul edir. Amma bu da qazanc mənbəyinə çevrilib. Belə ki, 30 yaşdan yuxarı donorlar analizlərdən sonra onları qəbul edən "mütəxəssis"ə 100 manat rüşvət verməlidir.

Qadın donorlar necə seçilir?

Qaydaya görə, qadın menstruasiya günü şəxsiyyət vəsiqəsi ilə klinikaya gedir. Əgər o, övlad sahibidirsə, öz şəxsiyyət vəsiqəsi ilə yanaşı, övladının da sənədini göstərib, orda bir neçə analiz və müayinədən pulsuz keçir. Analizlər zamanı əsasən, talassemiya xəstəsi olub-olmadığı yoxlanılır. Ginekoloq uyğun bilirsə, qadına hormonal terapiya təyin edilir və o, müəyyən müddətdən sonra follikullar yetişəndə bir daha klinikaya gəlir. Follikullar yığılır və qadına 500 manat ödənir. Elə qadınlar var ki, ildə 2 dəfə donor olur.

Araşdırmamız zamanı donorlara məlumat verən xanımla da həmsöhbət olduq.
Onunla aramızda belə bir dialoq baş tutdu:

- Bəs donor birdən fiziki qüsurlu olarsa, onu qəbul edirsinizmi?
- Üzündə qüsur, nitq qüsuru, çəpgözlük, əl-ayaqda əlillik, axsaqlıq olanlar qəbul edilmir.
- Qardaşım 25 yaşındadır, gələ bilər?
- Uşağı var? Müraciət edə bilər, amma indi kişi spermasına ciddi ehtiyac yoxdur. Kişilərə donorluq üçün 50 manat verilir. Qan qrupuna uyğun seçilirlər.
- Hansı klinikalarla işləyirsiniz?
- Çoxu ilə. Bakı Sağlamlıqda Reproduktiv Mərkəz, Medikal Plaza, MediLux və bütün süni mayalanma mərkəzləri ilə.




Araşdırmanın ikinci hissəsində süni mayalanma mərkəzlərinin təkzibinin qarşısını almaq üçün müştəri kimi bu mərkəzlərlə də əlaqə saxladıq.

Baku Medikal Plazanın hər iki filialı, Bakı Sağlamlıq Mərkəzində Önder Tulumbaçının mərkəzi, Baku Medikal Plazada Elnurə və türk Cəlaləddin doktorun şöbəsi, Emin Haqverdiyevin yeni açdığı sonsuzluq mərkəzinə zəng edərək, gah yaşımızın 45, gah 47 olduğunu, donorla süni mayalanma üçün müraciət etdiyimizi bildirdik. Hər müraciətimiz zamanı eyni cavabları aldıq: "Bəli, süni mayalanma edirik, gəlin, müayinə olunun, həkimlə ətraflı danışın".

- Təxminən neçəyə başa gələr?
- 5000-5500 manat. Bu məbləğə hər şey daxildir.
- Bəs, həyat yoldaşım bilməsə, olar?
- Xeyr, ailəlisinizsə, ona deyiləcək ki, donorun yumurta hüceyrəsindən istifadə edilir. Ərinizin sperması uyğundursa, onunla mayalanma edə bilərik. Subaysızsa, o zaman hər ikisi donordan olmaqla ana ola bilərsiz.
- Uğurlu alınırmı?
- Əlbəttə. Dünən elə 47 yaşlı bir xanımın hamiləliyini əldə etdik. 45, 40, 49 yaşlı xanımlar da olub.


Stimullaşdırıcı ağır hormonal müalicə


Əgər təbii halda qadının bir menstruasiya dövründə 2 yumurtalığı 4-5 follikul və 1 yetişmiş follikul verirsə, dərmanlar sayəsində bu say 2-3 dəfə artırılır, ginekoloq bir dəfəyə daha çox follikul toplayır. Preparatlar sağlam və normal yumurta yetişməsi olan qadın üçün əks təsirləri olan, zərərli dərmanlardır. Bu dərmanlar kökəlməyə, hormonal pozulmaya səbəb ola və yumurtalıqların işini poza bilər. Donor olmaq istəyən bir çox qadınlar isə bunun fərqinə varmadan onlara verilən dərmanları içir.


Gələcəyin insest faciəsi


Məsələnin ən təhlükəli tərəfi isə odur ki, 20 il sonra ölkədə, xüsusən Bakıda bacı və qardaş rastlaşıb tanış ola, evlənə bilərlər. Onların bir-birlərini bəyənəcəkləri sözsüzdür, çünki eyni qanın daşıyıcısıdırlar. Deyək ki, Bakıda, Nərimanov rayonunda yaşayan ailəyə Nizami rayonunda yaşayan gənc qadının yumurtahüceyrəsi transfer olunur. Təsəvvür edək ki, artıq hər iki ailənin uşaqları var və onlar arasında yaş fərqi elə də çox deyil. Gələn il həmin qadının yumurtahüceyrəsi əgər 5 qadına köçürülsə və uşaqlar doğulsa, demək bu qadının özü də tanımadığı 5 fərqli ailədə 5 qızı və ya oğlu olacaq. 15-20 il sonra bu gənclər haradasa rastlaşa, tanış ola və bacı-qardaş olduqlarını bilmədən münasibətə girə bilərlər. Bunu nəzərə alaraq, müsəlman ölkələrində, xüsusən Türkiyə, İran və Qazaxıstanda qadının öz ərindən deyil, başqa şəxsin spermasından istifadə etməklə süni mayalandırılması qanunla qadağandır. Türkiyədə bu məsələ xüsusilə ciddi nəzarətdədir. Mövcud qadağaları pozan həkim və mərkəzlər ömürlük bu işdən məhrum edilə bilərlər. Öz yumurtahüceyrəsi olmayan insanlara xarici ölkələrə müraciət etmək tövsiyə olunur. Onlar da Avropa, Amerika, Rusiya və Ukraynaya üz tutur.

Bu, yenə də başadüşüləndir. Ailə ən azı övladının xaricdə bir vətəndaşdan olduğunu təxminən bilir.


Azərbaycanda isə donor bacı-qardaşlığı gələcəkdə böyük faciələrə, qan xəstəliklərinin artmasına, genetik faciələrə səbəb ola bilər.


Mövzuyla bağlı Milli Məclisin Səhiyyə Komitəsinin 3 üzvü açıqlama verməkdən imtina etdi, deputat Rəşad Mahmudov isə məsələni araşdırıb məlumat verəcəyini bildirdi.


Səhiyyə Nazirliyi və TƏBİB-dən isə bu məsələ ilə məşğul olmadıqlarını, dövlət müəssisələrində süni mayalanma aparılmadığını və bu xidmətin hələlik İcbari Tibbi Sığorta zərfinə daxil edilmədiyini bildirdilər.


Beləliklə, donorla süni mayalandırma tamamilə özəl tibb müəssisələrinin ixtiyarındadır. Süni mayalanma edən məşhur həkimlər isə şou-biznes ulduzları kimi 1-2 prodüser-assistent saxlayır. Telefonlara cavab verən bu assistentlər isə həkimlərin mətbuata açıqlama vermədiklərini dedilər.



"Azərbaycan üçün ən iyrənc metoddur"

Həkim-psixiatr, tibbi ekspert Abdulla Şıxlinski Bakupost.az -a açıqlamasında sosial şəbəkə üzərindən donor axtarışı və bu metodla süni mayalanmanı qadağan etməyin tərəfdarıdır:


“Tibdə belə mayalanmaya ekstrakarpanal mayalanma deyilir. Hər bir ölkədə sperma bazası var, Azərbaycanda da yəqin ki, var. Amma kim nəzarət edir, nə üçün var, bilinmir. Oradakı materialın kimdən olduğu da bəlli deyil. O sperma narkomanın, psixi xəstənin, şizofrenikin də ola bilər. Ginekoloq, androloq nə bilir ki, o cavan oğlanda gizli şizofreniya, psixi xəstəliklər var və ya yoxdur? Bunlar narkotestlərdən keçirilirmi? Bəlkə, başqa orqanında xərçəng, bəlkə genetikasında ciddi, ağır qüsurlar var. Biz bilməliyik ki, narkomaniya və alkoqolizmə meyillilik irsən keçən bir şeydir. O adamdan olan uşaq, - baxmayaq ki, onu normal ailə saxlayacaq, - gələcəkdə narkoman, alkoqolik, psixi xəstə ola bilər. O qadınla kişi uşağın bədənini alır, amma o uşağın genetikası, psixikası necədir, heç kim bilmir. Uşaq gələcəkdə bioloji atası kimi aqressiv, cinayətə meyilli ola bilər. Mən hesab edirəm ki, əhalisinin fiziki, genetik, mənəvi, psixi sağlam olmasını istəyən ölkə bu metodla mayalanmanı qadağan etməlidir".


Mütəxəssis hesab edir ki, Azərbaycan miqyasında eyni sperma və yumurtahüceyrədən bir neçə dəfə mayalanma edib, uşaq dünyaya gətirilirsə, nəzəri cəhətdən gələcəkdə bu uşaqların görüşüb, cinsi münasibətdə olması, evlənməsi faktı baş verə bilər:


"Mən bu metoda eybəcər bir metod kimi baxıram. Azərbaycanda onsuz da insest nikahlar çoxdur, qohum nikahlar yayılıb. Ona görə talassemiya, genetik xəstəliklər, əqli gerilik baş alıb gedir. Üstəlik mayalanmadan olan uşaqlar da bura əlavə olunsa, Azərbaycanda qüsurlu, əqli zəif uşaqların sayı artacaq. Sadəcə olaraq, ölkədə ekstrakarpanal mayalanma böyük biznes mənbəyinə çevrilib, burda heç kim məsul deyil. Ancaq bunu etmək olmaz. Bununla bağlı xüsusi qanun qəbul olunmalıdır. Milli Məclis bunu əsaslandırmalıdır. Azərbaycan heç Moskva vilayəti boyda deyil. Bizdə belə əməliyyatları aparmaq olmaz. Bu mayalanmanın özü də gəlib çıxır qlobalistlərin planlarına. Bu da bir layihədir, insanların gələcəyini təhlükəyə atırlar. Bu metod dünya əhalisinin sayının azalmasına xidmət edir. Erkən uşaq autizmi, kovid, cinsi azlıqların evlənməsi, vətəndaş nikahları, nikahdankənar uşaqlar, sonsuzluq, peyvəndlər, bunlar hamısı biznes layihələrdir”.




"Uşaq öz bioloji ata-anasını tanımalıdır"


İlahiyyatçı Hacı Şahin isə dində donor yumurtahüceyrəsindən anonim mayalanma ilə uşaq sahibi olmağın qəbul olunub-olunmadığına aydınlıq gətirdi. Onun sözlərinə görə, valideyn olmaq istəyi təbii və gözəldir:

"Şükürlər olsun ki, tibbin inkişafı nəticəsində keçmişdə çarəsiz olan sonsuzluq problemi əksər hallarda həllini tapır. Elm yerində dayanmır, sürətlə inkişaf edir, bəzən bu inkişaf etik dəyərləndirmə tələb edir. Məsələn, klonlaşdırma ilə bağlı bəzi eksperimentlər bir çox inkişaf etmiş ölkələrdə məhz əxlaq baxımından qadağan olunub. Harada yaşamağımızdan, hansı düşüncəyə sahib olmağımızdan asılı olmayaraq, hər birimiz anlayırıq ki, daxili "olar-olmaz"lar əldən verilərsə, insan vəhşiləşər, cəmiyyət isə dağılar. Süni mayalanma da bu mövzulardan biridir. Dinimiz elmin bu nailiyyətini alqışlayır, insanların bu üsuldan istifadə edib-etməməklə bağlı qərarına hörmətlə yanaşır. İslama görə, ailə qadın və kişinin bir-birini tamamladığı vahid orqanizmdir. Ailədə uşaq olsa da, olmasa da, onun dəyəri nə azalır, nə də çoxalır. Ər və arvad övlad sahibi olmaq istəsələr də, hörmətə layiqdirlər, istəməsələr də. Övlad ər-arvad münasibətlərində boşluğu dolduran üçüncü şəxs deyil ki, onlar nəyin bahasına olursa-olsun, valideyn olsunlar. Yaxud övlad əlavə yük də deyil ki, eqoizm üzündən valideynlikdən imtina olunsun".


İlahiyyatçının sözlərinə görə, mənəvi natarazlıqdan verilən qərarlar, nəticəsindən asılı olmayaraq, insana iztirablar yaşadır:

"İslam dini süni mayalanmaya icazə verir, amma müəyyən prinsiplər təyin edir. Məsələn, uşaq bioloji valideynini tanımalıdır, ər və arvadın hər ikisi donor materialından istifadə olunduğunu bilməlidir, donorlar biri-birini tanımalıdır. Bütün bunlar gələcəkdə doğma və məhrəm bacı-qardaş evliliklərini, bundan törəyən fəsadları, vərəsəlik məsələsində yaranan problemləri, daha ağır psixoloji travmaları və s. önləmək üçündür. Bu qaydalara riayət olunarsa, süni mayalanma icazəlidir, əks halda dinimiz tərəfindən qadağan olunur”.


Qeyd edək ki, qanunvericiliyə görə ölkədə donorluq könüllü və pulsuzdur. Donor materialının insanlardan pulla alınıb satılması qadağandır və məsuliyyət yaradır.




Aygün Musayeva
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.



Şərhlər
  • t.ədalət

    Kəbinsiz yad bir adamın spermasından mayalanmaq,elə fahişəlik kimi bir şeydir.Uşaq bic və şeyitbaz olur.Əlbəttə,bu spermalar arasında ermənilərinki də var.Uşaq istəyən qadınlar üçün çıxış yolu ərindən boşanmaq,sonra gedib kimləsə də cinsi əlaqəyə girib hamilə qalmaq daha uyğundur.Çox vaxt pula görə qadını yuxuladıb həkimlər özü cinsi əlaqəyə girirlər.Xaricdən gələn həkimlər bu yolla,bir növ gizli priton qururlar.

  • Veteran

    Ay şərəfsizlər bəsdirin bu xalq üzərində apardığınız konslagerdəki kimi eksperimentlər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər