Xəbər verdiyimiz kimi, ötən gün “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında I oxunuşda təsdiq olunub.
Sözügedən qanuna 4 yeni maddə əlavə olunub, milli qanunvericiliyə 18 yeni anlayış gətirilib, eyni zamanda 11 maddə üzrə 86 dəyişiklik edilməsi təklif olunub. Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunması, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilib.
Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətirilməsinə dair layihə də qəbul edilib.
Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
Danılmaz həqiqətdir ki, Azərbaycanda satılan dərman preparatarının qiyməti xarici ölkələrlə, qonşu Türkiyə, Rusiya və İranla müqayisədə dəfələrlə bahadır. Türkiyədə 10 manata satılan dərman preparatı Azərbaycanda 40-50 manatdır. İnsanlar bu səbəbdən məcbur olub bəzi dərman preparatlarını Türkiyədən gələn yaxınlarına aldırırlar.
Qiymətlərdə belə yüksək fərqin yaranması isə xəstə insanların dərmanlara əlçatanlığını azaldır. Həkim xəstəyə dərman yazır, qiyməti baha olduğundan xəstə həmin dərmanı ala bilmir. Belə olan halda pasiyentin səhhəti daha da pisləşir.
Üstəlik qiymətinin baha və ya ucuz olmasından asılı olmayaraq, apteklərdə satılan dərmanlar keyfiyyətcə aşağıdır. Belə iddialar da var ki, bir çox işbazlar ucuz başa gəlsin deyə bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat da baha satırlar. Ölkə apteklərindən alınan dərmanla xarici ölkədən alınan eyniadlı dərmanın keyfiyyətində də fərq var. Hətta bəzən həkimlər də bunu təsdiq edir. Buradan da aydın görünür ki, vətəndaşlar yalnız qiymət baxımından deyil, keyfiyyət baxımından da aldadılır.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov da etiraf edir ki, Azərbaycanda dərman vasitələri müəyyən ölkələrlə müqayisədə bahadır. Həmin ölkələrin sayı elə də çox deyil:
“Adətən, qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Halbuki orada dərmanların 70-80 faizi daxili istehsaldır. Türkiyədə qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtisadiyyat nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparır. Hazırda müəyyən təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir. Biz təklif etdiyimiz qiymətlərin müəyyənləşdirilməsi mexanizminin qəbul olunmasına çalışacağıq. Eyni zamanda istinad ölkələrin siyahısına yenidən baxılması nəzərdə tutulur və təbii ki, real bazar qiymətləri də əks olunacaq".
Millət vəkili Rəşad Mahmudov bildirib ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır:
“Ölkədə zəruri dərmanları tapmaq çətindir. Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Bu problemi özəl şirkətlərdən də soruşduqda, “siz bizim dərdimizi başa düşmürsünüz” deyirlər”. Onu da qeyd edək ki, əvvəllər əksər insanlar xaricdən gələn dost-tanışı, qohumundan xahiş edirdi ki, ona lazım olan dərmanları alıb gətirsin. Əvvəllər əldə dərman gətirməyə bir söz deyilməsə və insanlar onlardan xahiş edilən dərmanları sərbəst şəkildə gətirsələr də, son zamanlar yalnız bir dərmanın gətirilməsinə icazə verilir. Sözsüz ki, bu da insanlar arasında narazılıq yaradır. Bizim apteklərdə od bahasına olan dərmanların qardaş Türkiyədə və başqa ölkələrdə su qiymətinə olması insanlarımıza imkan yaradırdı ki, müəyyən vasitələrlə o ölkələrdən dərman əldə etsinlər”.
Millət vəkili Tahir Mirkişilinin dediyinə görə, dərmanların baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də dəfələrlə yüksəkdir, qıtlıq var, beynəlxalq şirkətlər ölkəni tərk edir:
“Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəffaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və s. məsələlər yer alıb. Hesab edirəm ki, Tarif Şurası artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etməlidir. İtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, ona qiymət təyin edin”.
Professor, tibbi ekspert Adil Qeybulla deyir ki, Azərbaycan dərmanla bağlı idxaldan asılı olan ölkədir. Bizim dərman sənayemiz, demək olar ki, məhdud həcmi əhatə edir. Azərbaycana dərman preparatları əsasən Ukrayna, Belarus və Rusiyadan idxal olunurdu. Rusiya ilə Ukrayna arasında gedən müharibə və infrastrukturun xeyli zərər çəkməsi müəyyən dərmanların yoxa çıxmasına gətirib çıxardıb. Bu, problemin obyektiv səbəbidir:
"Subyektiv səbəblərə gəlincə, deyə bilərəm ki, bu, dərman idxalı ilə məşğul olan strukturları vəziyyəti vaxtında dəyərləndirməyib, lazımı tədbirlərin görülməməsidir. Məsuliyyət onların üzərindədir. Yaxşı olar ki, əhali üçün əlçatan, xüsusilə qiymətlərdə müvafiq dərmanların idxalı Türkiyədən həyata keçirilsin. Həm bu dərmanlar kifayət qədər keyfiyyətlidir, həm də qiymətləri bizə müvafiqdir”.
İqtisadçı ekspert Rəşad Həsənovun dediyinə görə, ölkədə dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Azərbaycanın bütün apteklərində dərmanlar eyni qiymətə satılır.
Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimum 40 faiz, 100 manata başa gələn dərman isə 14 faiz baha satıla bilər. Azərbaycan özü dərman istehsal etmir. Daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri kifayət qədər xərc yükü formalaşdırır:
“Bu xərclər Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında təməküzləşmiş iqtisadi mövqeyə malik şirkətlərin iştırakçılığı məsələsidir. Bu, bazarda təklifin limitləndirilməsinə, kartel sözləşmələrinə, qiymətlərin diktə edilməsinə, optimallaşma istiqamətində imkanları formalaşdıran fəaliyyət mühitinin pozulmasına gətirib çıxarır. Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə səbəb olur. Hesab edirəm ki, bazarda 99,6 faizlik asılılıq varsa, vergi güzəştləri tətbiq olunmalıdır”.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, dərmanların baha satılmasının bir neçə səbəbi var:
“Əslində hazırda apteklərdə olan qiymətlər Tarif Şurası tərəfindən tənzimlənmiş qiymətlərdir. Lakin tənzimlənmə dərman preparatlarının molekullarına və istehsal ölkələrinə görədir. Burada da başqa problem yaşanır: molekullar elan olunur, istehsal ölkələri üzrə tariflər müəyyənləşdirilir. Bu da həmin dərmanların ən ucuz və ən keyfiyyətsizinin ölkəyə gətirilməsinə rəvac verir. Ona görə də mən Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsini doğru saymıram. Bu əks-effekt yaradır, dərmanların xaricdən daha ucuz, keyfiyyətsiz gətirilib burada baha qiymətə satılmasına səbəb olur. İkinci səbəb isə gömrük rüsumlarıdır. Ölkə daxilində istehsalı olmasa da, bizdə dərmanlara da gömrük rüsumu tətbiq edilir. Dərmanlara 15 faizlik gömrük rüsumu, 18 faizlik ƏDV (Əlavə dəyər vergisi) var. Biz isə idxaldan asılı olan ölkəyik, demək olar ki, dərman preparatlarının 94 faizini xarici ölkələrdən gətiririk. Bu özü də ciddi problemdir. Əgər dərmanlar xaricdən gətirilirsə, bu qədər yüksək gömrük rüsumu və ƏDV olmamalıdır”.
Onun sözlərinə görə, bazarda rəqabətin olmaması böyük şirkətlərin istədiyi qiyməti təyin etməsinə rəvac verir:
“Üçüncü səbəb isə rəqabətsizlik mühitidir. Bazarda böyük şirkətlər var ki, onlar qiymətləri diqtə edirlər. Kiçik şirkətlərin bir çoxu sıradan çıxarıldı və bu da rəqabətsizlik mühitinin daha da genişlənməsinə səbəb oldu. Çıxış yolu rəqabət mühitinin artırılmasıdır. Bu qiymətlərin tənzimlənməsində mühüm rol oynayan amilə çevrilə bilər. Bundan başqa rüsum və vergilərə yenidən baxılmalıdır. Dərman preparatlarının cüzi vergi və rüsumla, bəzi hallarda isə ümumiyyətlə, ləğv edilərək (müvəqqəti də olsa) ölkəyə gətirilməsi qiymətlərin artımının qarşısını ala biləcək əsas amilə çevrilə bilər”.
N.Cəfərli bildirib ki, qanunla ölkəyə gətirilən dərman preparatlarının 14-40 faizdən baha satılması yolverilməz olsa da, monopolist şirkətlər buna da çarə tapıblar:
"Azərbaycana dərman idxal edən şirkətlər dərmanı ölkəmizə gətirərkən birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır".
N.Cəfərli onu da bildirib ki, dərmanların qiymətinin molekula görə təyin edilməsi ölkəyə keyfiyyətsiz dərmanların gətirilməsinə səbəb olub.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, dərmanların qiymətləri çox bahadır, amma bunun qarşısını almaq üçün tədbirlər görülmür:
"Avropa dərmanları bizim bazardan çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını ölkəyə gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 50 manatlıq dərmanı 100-150 manata almağa məcbur olurlar. Ən pisi isə odur ki, apteklərdə satılan dərmanların keyfiyyəti yoxdur. Ölkəyə gətirilən və əhaliyə satılan dərman preparatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çalışmazlıqlar var".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, ölkənin əmtəə bazarına daxil olan bütün dərmanlar Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanmalıdır. İcazə verildikdən sonra bazara daxil olmalıdır:
"Apteklərdə içliyi Azərbaycan dilində olmayan dərmanlar görürük. Bunlar qaçaqmal yolu gətirilmiş dərmanlardır. Çünki nazirliyin yoxladığı bütün dərmanların içliyi Azərbaycan dilində olur. Saxta dərmanları tanımağın yollarından biri də budur. Dərmanların üzərində müəyyən artikl nömrə olur. Analitik Ekspertiza Mərkəzi tərəfindən qısa zamanda dərmanın qeydiyyata alınıb-alınmadığı aşkarlanır. Dərmanların tərkibindəki çoxsaylı kimyəvi maddələr mikronlarla ölçülən miqdarda olur. Bəzən ekspertiza da vacib aktiv kimyəvi maddənin dəyərini müəyyən etməkdə çətinlik çəkir. Bu səbəbdən dərman bazarında saxtakarlıq mövcuddur. Bundan başqa ölkəmizdə saxta dərman işi ilə məşğul olanı xüsusi şəbəkə var. Onlar hələ ki ifşa olunmayıb. Ən pisi də odur ki, dərman bazarında monopoliya var. Və bu monopolistlər çox ciddi dayaqlara sahibdirlər. Ona görə də həm saxta, həm də keyfiyyətsiz dərmanlara qarşı keyfiyyətli mübarizə aparmaq çətindir”.
E.Hüseynov bildirib ki, Ümumdünya İstehlakçı Təşkilatının məlumatına görə, internet üzərindən alınan dərmanların 30 faizi saxta olur:
“Dünyada 30 faizə qədər saxta dərman dövriyyəsi var. Təəssüf ki, ölkəmiz də bu bəladan yan keçməyib. Azərbaycandakı “Alman aptekləri” özlərində olan dərmanların daha keyfiyyətli olduğunu bildirir. Burada satılan dərmanların keyfiyyətinin də necə olduğu şübhəlidir. “Alman aptekləri” Azərbaycan qanunlarına tabe olmalı, qiymətləri dövlət tərəfindən tənzimlənməlidir”.
Ekspert vurğulayıb ki, vəziyyəti dəyişdirmək üçün hökumətin effektiv siyasəti olmalıdır:
“Yerli istehsala üstünlük verilməlidir. Zavodlar dərman istehsalına başlamalıdır. Dövlətin bu siyasətini əngəlləyən, buxovlayan insanlar bu sahədən uzaqlaşdırılmalıdırlar”.
Mövzuya münasibət öyrəndiyimiz Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, ölkəyə gətirilən və satışa çıxarılan dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ən vacib və aktual məsələdir.
Keyfiyyətsiz dərman vasitələrinin ölkəyə idxalının qarşısının alınması üçün Mərkəz tərəfindən bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır:
"Azərbaycanda qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılan, ekspertizası aparılan və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir. Onlar nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir".
Sevinc
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.