Ru
17:57 / 22 Avqust 2023

Bir kəndin dialektizmləri və şivələri sözlüyü - FOTO

21355
Bu ilin avqust ayında Cəlilabad rayonu Üçtəpə kənd 2 saylı ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəbrail Həşimovun “AZƏRBAYCAN DİLİNİN CƏLİLABAD RAYONU ÜÇTƏPƏ KƏND ŞİVƏSİNİN İZAHLI SÖZLÜYÜ” kitabı çapdan çıxıb.


Bakupost.az xəbər verir ki, Cəbrail müəllimin bundan qabaq dörd kitabı işıq üzü görsə də, tətbiqi dialektologiya sahəsində bu onun ilk işidir. Müəllifin ana dilinə, elinin-obasının dialektinə olan sevgisi bu kitabın ərsəyə gəlməsinə zəmin olub.

Kitab “Elm və Təhsil” nəşriyyatı tərəfindən çap olunub. 208 səhifədən ibarətdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, onun dilçi mütəxəssislərin diqqətini çəkəcəyi heç şübhə doğurmur.

Beş aylıq gərgin əməyin nəticəsi olan bu kitabda Üçtəpə ilə bərabər yaxın kəndlərdə də camaat arasında istifadə olunan 1500-dən çox şivə sözü öz əksini tapıb. Eyni zamanda, qonşu Cəfərxanlı, Qarazəncir, Ocaqlı, Sabirabad, Ətcələr kəndlərində və bir qədər kənarda yerləşən Təklə, Xəlilabad, Mədətli, Babalı kimi kəndlərdə də işlənən bəzi sözlərdən istifadə olunub.

Bunlar kənd camaatı tərəfindən məişətdə işlədilən peşə-sənət, xalq təbabəti və sairə ilə bağlı sözlər və geniş yayılmış frazeologizmlərdir. Lüğətdəki sözlər bütün nitq hissələrini əhatə edir. Müəllif hər sözün izahı ilə bərabər oxucunun daha rahat anlaması üçün uyğun kontekstdə misallar da verilib. Kitabda istifadə olunan nümunələr sırf Üçtəpə kənd əhalisinin şivəsində verilib.

Kitabda toplanmış söz, ifadə və frazeologizmlər yüzillərin sınağından çıxmış, xalq dilində işlənərək günümüzə qədər gəlib çıxıb. Lakin müəllifin də ön sözdə xatırlatdığı kimi, bunların müəyyən qismi gənc nəslə məlum olmasa da, bölgənin ahılları tərəfindən gündəlik olaraq məişətdə geniş şəkildə işlədilir.

Kitabda verilən nümunələrə baxanda burada təkcə xalq təbabəti sahəsində insanların təcrübəsi, orqanların adlandırılması, xəstəliklərə yanaşma tərzi, onların təsvir olunma üsullarının diqqət çəkəcəyini söyləmək mümkündür. Məsələn, “ağciyər”ə “ağ bağır”, “qaraciyər”ə “qara bağır”, allergik səpkiyə “əvir tökməy” deyilir.

Kitab Cəbrail müəllimin öz kəndinə töhfəsi olmaqla yanaşı, həm də gələcəkdə tarix, etnoqrafiya və dilçilik üzrə elmi araşdırmalar aparan gənc alimlərə faydalı olacaq.




Aygün Əziz
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər