Azərbaycanda gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı və yaşayış minimumu artırılır. Belə ki, 2026-cı ildə ehtiyac meyarı və yaşayış minimumunun 300 manat olacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ildə isə ehtiyac meyarı və ölkə üzrə yaşayış minimumunun məbləği 285 manat olub.
Minimum əməkhaqqının da artırılıb-artırılmayacağı diqqətçəkən nüansdır.
Bakupost.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Yaşayış minimumunun artım tempi və ya azalması dövlətin sosial-iqtisadi inkişafı ilə bağlıdır:
“Gələn il üçün həm yaşayış minimumu, həm də ehtiyac meyarının məbləği 15 manat artaraq 300 manat təmin ediləcək. Yaşayış minimumu insanın yaşaması, sağlamlıığı üçün lazım olan ərzaq, qeyri-ərzaq istehlak mallarının, xidmətlərin və kommunal ödənişlərin cəmini özündə ehtiva edən bir normadır. Və bunun əsasında minimum istehlak səbəti formalaşır. Yaşayış minimumunun artım tempi və ya azalması dövlətin sosial-iqtisadi inkişafı ilə bağlıdır. Gələn il yaşayış minimumunun artması, eyni zamanda ehtiyac meyarının da artmasını şərtləndirib. Ehtiyac meyarının artırılması isə aztəminatlı insanların, xüsusilə ünvanlı sosial yardım alan insanların sosial müdafiəsinin yaxşılşmasına kömək edəcək. Yaşayış minimumu və ehtiyac meyarının artırılması dövlətdən ünvanlı yardım alan şəxslərin həm kateqoriyasının genişlənməsinə, həm də adambaşına ailədən düşən dövlət yardımının artmasına gəririb çıxaracaq”.
Komitə sədri gələn il üçün minimum əməkhaqqının arstırılmasının nəzərdə tutulmadığını vurğulayıb:
“Minimum əməkhaqqı və minimum pensiya 2025-ci il üçün artılıb. Amma 2026-cı il üçün hələki artım nəzərdə tutulmur. Adətən bu artımlar sosial müdafiə zərfinin tərkibində olur. Belə zərflər də həmişə qəbul edilmir. 3 ildən, 5 ildən bir olur ki, biz bunu deyə bilmirik. Növbəti ildə minimum əməkhaqqının artırılması nəzərdə tutulmayıb”.
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, Azərbaycanda gələn il də minimum əməkhaqqı 400 manat, minimum pensiya 320 manat olacaq.