Ru
15:31 / 22 İyul 2022

Böyük Qayıdışın ilk addımı: Ağalı sakinləri doğma yurdda

46508
Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə başlayıb.

Belə ki, iyulun 19-dan etibarən Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb.


Proses 4 mərhələdə həyata keçiriləcək.
Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi xidmət məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.


Ağalıda inşa olunan 200 evin enerji tələbatı yalnız alternativ enerji mənbələrindən təmin ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Həmçinin "Dost Aqropark" fəaliyyət göstərəcək.


Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında sülhün əbədiliyini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Burada, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.




Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi məsələlər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.


Kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.


Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.


Prezident İlham Əliyev vurğulayıb ki, insanların qayıdışı üçün şərait olmalıdır:




“Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin də Baş planı təsdiqlənib. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik. Biz istəyirik ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlib bu gün bu torpaqlarda rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq”.


44 günlük Vətən müharibəsindən sonra azad edilən Zəngilan şəhərinin 52 kəndindən biridir Ağalı. Birinci Ağalı kəndi füsünkar və ruzili Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Bu kəndə yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı deyilib. Çünki, Ağalı nəsli ilk dəfə burada məskən salıb. Bura həm də günü-gündən böyüyən, genişlənən kənd olub. Sonrada İkinci və Üçüncü Ağalı kəndləri salınıb. İkinci və Üçüncü Ağalı kəndləri də Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir.
Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlardan 1357 nəfəri bu kənddə yaşamaq niyyətini bildiriblər: “İlkin mərhələdə 41 ailədən 201 nəfər Ağalıya köçürüləcək".


Doğma torpağına, kəndi Ağalıya qayıdan kənd sakini Habil Abdullayevin sözlərinə görə, 30 ildir ki, torpaq, vətən, yurd həsrəti çəkib: “Ağalı tez-tez yuxuma girirdi. Yuxda doğma kəndimizi qarış-qarış gəzib, dolanırdım. Bir vaxt Ağalını yuxuda deyil, real həyatda gəzib dolaşacağıma ümid edirdim. Həmişə bu ümidlə yaşayırdım ki, nəvaxtsa o torpaqlara qayıdacağıq. Bu gün o gündür. Artıq biz doğma Ağalıya qayıdırıq. Bu, bambaşğa hissdir. Sevincimizin həddi-hüdudu yoxdur. Bu tarixi anları yaşamağımıza səbəb olan şəhidlərimizə Allah rəhmət diləyirəm. Qəhrəman hərbçilərimizə isə cansağlığı arzulayıram. İnanırıq ki, bütün məcburi köçkünlər ən yaxın zamanlarda öz doğma evlərinə qayıdacaqlar. Bu gün bizim yaşadığımız bu sevinci tezliklə onlar da yaşayacaqlar”.


Millət vəkili Ceyhun Məmmədov deyir ki, Ağalı sakinlərinin doğma kəndə qayıdışı, orada bütün zəruri imkanlarla təmin edilmiş evlərdə yaşaması dövlətimizin diqqətinin bariz nümunəsidir:




“Böyük Qayıdış sözsüz ki, insanların azad edilmiş ərazilərdə məskunlaşması ilə yekunlaşmır. Məskunlaşma ilə yanaşı burada məktəblər, bağçalar, xəstəxanalar tikilir, insanların məşğulluğunu təmin etmək üçün mühüm addımlar atılır. “Ağıllı kənd” layihəsində əsas hədəf və məqsəd o olub ki, ora qayıdan insanlar işlə təmin olunsun. Bu prinsip artıq nəzərə alınıb”.


Millət vəkili Fatma Yıldırım bildirib ki, 30 ildən sonra Ağalı kəndinin sakinlərinin öz dogma evlərinə qayıdışı tarixi hadisədir:




“Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən ərazilərimizə Böyük Qayıdış başlayır. Zəngilanın Ağalı kəndinin bir qrup sakini 30 illik ayrılıqdan sonra doğma yurduna qayıtdı. Bu, çox qürurverici bir hadisədir. Bu təkcə Ağalı sakinləri deyil, bütün Azərbaycan xalqı üçün tarixi hadisədir. Torpaq həsrəti çəkən məcburi köçkün həmvətənlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib”.


F.Yıldırım qeyd edib ki, sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşıya qoyduğu hədəflərə qısa müddətdə nail olacaq: “Biz azad edilmiş bütün torpaqları bərpa edirik. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi də bunu təsdiqləyir. Hər bir Azərbaycan vətəndaşı Ağalı kəndinin timsalında dövlətimizin hədəf və məqsədlərini görə bilər”.


Millət vəkili Fazil Mustafanın dediyinə görə, bütün məcburi köçkün bacı-qardaşlarımız işğaldan azad olunan doğma Vətən torpaqlarına qayıdıb oranı yenidən cənnətə çevirəcəklər:




“Ağalı sakinlərinin doğma kəndə qayıdışı digərləri üçün də yolun açılışı deməkdir. Mən Ağalıda olarkən orada dövlətin, Prezidentin nə qədər böyük işlər gördüyünün şahidi oldum. Ağalıda yaşayış evləri tikilib, orada bütün zəruri infrastruktur layihələri həyata keçirilib. Kənddə yüksək “ağıllı texnologiyalar”la təchiz olunan məktəb, həmçinin tibb müəssisəsi, inzibati idarəetmə üçün bina, situasiya idarəetmə mərkəzi və “aıllı kənd”in elementlərini özündə ehtiva edən digər infrastruktur obyektləri yaradılıb, dəmiryolu, avtomobil yolları çəkilib, minalardan təmizlənən ərazilərdə əkin-biçin işləri aparılıb. Ağalı kəndi elə bir gözəl layihə əsasında qurulub ki, bu layihə bu kəndin yeni bir model, yeni bir başlanğıc olacağını göstərir. İnsanlar orada o şərtlərdə heç vaxt yaşamayıblar. O cür infrastruktur heç vaxt olmayıb. Bu, bir nümunədir”.


Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, 2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi düşəcək:

“Zəngilanın Ağalı kəndinin sakinlərindən sonra Füzuli sakinlərinin də doğma yurd-yuvalarına köçürülməsinə başlanılacaq”.




Millət vəkili bildirib ki, Füzuli şəhərinin yenidən qurulması və bərpası, şəhərin Baş planına uyğun olaraq, ilkin yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Dövlətyarlı kəndində “Ağıllı kənd” inşa ediləcək. Bu istiqamətdə də artıq işlər aparılır: “2022-ci ildə Füzuli sakinlərinin köçürülməsi işləri intensiv şəkildə aparılacaq. Hazırda məskunlaşma ilə bağlı dəqiq zaman demək çox çətindir. Amma gözlənilir ki, ilkin məskunlaşma Dövlətyarlı kəndində olacaq. Çünki orada “Ağıllı kənd” layihəsi həyata keçirilir. Füzulinin bir hissəsində də məskunlaşma olacaq. 2022-ci ildə məskunlaşma istiqamətində intensiv işlərin aparılması dəqiqdir, amma məskunlaşmanın nə zaman başlayacağını söyləmək çətindir. Çünki bu məsələ işlərin başa çatması, xüsusən də kəndin və şəhərin bir hissəsinin təhvil verilməsindən asılı olacaq. Amma bütün hallarda gözlənildiyindən daha yaxın zamanda məskunlaşmanın başlanacağı ehtimal olunur”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.





Sevinc
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər