ƏDV geri al" proqramı ilə bağlı Vergi Xidmətinin yanaşması tamamilə absurddur. Buna kim, necə nəzarət edir? Məgər qəbzin üzərində ad, soyad var, ya şəxsiyyət vəsiqəsi ilə verilir? Necə müəyyən edəcəklər ki, "ƏDV geri al" kampaniyasında kimlərsə öz qəbzindən istifadə edib, kimlərsə başqasının?”
Bakupost.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında “REAL” Partiyasinın sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Vergi Xidmətinin belə bir qərar qəbul etməsi çox ciddi problemdir:”
Dövlət qərar qəbul edib ki, vətəndaş "ƏDV geri al" proqramı ilə ödədiyi məbləğin bir hissəsini geri alır, xüsusən də kartla ödənişlərdə. Bu, kartla alış-verişi də təşviq edir. Vergi Xidmətinin də məqsədi bu olmalı idi ki, kartla ödənişlər artsın, o da artır. İndi niyə mane olmağa çalışırlar? Onların nəyinə lazımdır ki, bunu araşdırırlar?”
Qeyd edək ki, ötən günlərdə Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsindən sui-istifadə hallarının qarşısını almaq məqsədilə çeklərin araşdırıldığını qeyd edib. Bildirilib ki, gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman vəziyyət nəzarətə alınır.