Ru
00:21 / 29 Yanvar 2023

İranın 200 illik "ənənəsi": Səfirliklərə hücumu kim təşkil edir? - Faktlar

36075

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun səbəbləri və təşkilatçıları ilə bağlı ən müxtəlif versiyalar səslənir.


Kimi bu məsələnin "üçüncü qüvvə", kimi də İran hakimiyyəti daxilində gedən mübarizənin nəticəsi kimi hansısa qruplaşma tərəfindən törədildiyi versiyasını irəli sürür. Amma əsas şübhələr yenə də İran hakimiyyəti üzərindədir. Daha dəqiqi, hadisəni SEPAH-ın planlaşdırdığı bildirilir. Bu versiyanın doğruluğunu təsdiq edən arqumentlər sırasında ilk növbədə son bir neçə ildə Azərbaycan-İran münasibətlərinin olduqca gərgin olması gəlir.


İranın rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə demək olar ki, hər gün Azərbaycana, onun rəhbərliyinə təhdid dolu mesajlar göndərdiyi barədə yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bunlar son vaxtlar hamının şahidi olduğu, hər kəsin bildiyi həqiqətlərdir.



İkincisi, hadisə ilə bağlı yayılan videogörüntülər, eləcə də hadisədən sonra İran təhlükəsizlik orqanlarının açıqlamaları, telekanallarda nümayiş etdirilən məzhəkə də ortada əvvəlcədən hazırlanın ssenarinin olduğunu deməyə əsas verir. Görüntülərdən səfirliyin mühafizəsinə cavabdeh olan polisin heç bir addım atmaması, hadisəyə seyrçi qalması, hücum edən Yasin Hüseynzadənin səfirlik binasının qapısını çəkiclə döyməsi, qapya avtomat silahdan atəş açması və daha sonra səfirliyə daxil olduğu görünür. Bu qədər vaxt ərzində polisin heç bir tədbir görməməsi bir daha hadisənin təşkil olunduğunu təsdiqləyir.



Üçüncüsü, dünən sosial şəbəkələrdə yayılan bir görüntüdə SEPAH polkovniki Azərbaycan səfirliyinə hücum planı hazırladıqlarını açıq şəkildə etiraf edir. O, hətta səfirliklə yanaşı, Naxçıvandan İrana gələn TIR sürücülərinə hücumla bağlı plan hazırlandığını da bildirir. SEPAH polkovnikinin müsahibəni iki ay öncə verdiyi bildirilir.

Dördüncüsü, İran hakimiyyətinin səfirliklərə hücumu yeni məsələ deyil. İranın bununla bağlı 200 illik praktikası var. Müxtəlif səfirliklərə hücumla bağlı bəzi faktlara nəzər salmaq, yerinə düşərdi.



İranda bu praktika ilk dəfə 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarına, rus diplomatik missiyasının rəhbəri Aleksandr Qriboyedova qarşı tətbıq olunduğu tarixdən yaxşı bəllidir. O zaman səfirliyə hücumun nəticələri kifayət qədər ağır olmuşdu. Belə ki, dimplomatik missiya, mühafizə dəstəsi və həmin gün səfirlikdə olanlardan 37 nəfər (bəzi qaynaqlara görə isə 44 və ya 57 nəfər) öldürülmüşdü. Səfirliyin binası, binadakı əşya və sənədlər tamamilə məhv edilmişdi. Hadisə zamanı səfirlik əməkdaşlarından yalnız 3 nəfər bir diplomat və iki texniki işçi xilas ola bilmişdilər.



İranda geniş beynəlxalq rezonansa səbəb olan, bu günədək müzakirə olunan anoloji hadisələrdən biri də 44 il əvvəl baş verən hadisə - 1979-cu ildə ABŞ səfirliyinə edilən hücumdur. Bu hücum 1979-cu ildə islam inqilabının nəticəsi olaraq Ayətullah Xomeyninin hakimiyyətə gəlməsindən bir müddət sonra baş tutdu. Hücum zamanı ABŞ səfirliyində 66 nəfər girov götürülsə də, sonradan onlardan 13 nəfər azad edildi. 53 nəfər isə 444 gün girov saxlanıldılar. Hadisə İranla ABŞ-ın əlaqələrinin kəsilməsi ilə nəticələndi. O zaman amerikalıları girov götürənlər ABŞ-dan, Nyu-Yorka müalicəyə gedən 1979-cu ildə devrilmiş şah Məhəmməd Rza Pəhləvinin onlara verilməsini tələb etsələr də, ABŞ bu tələbi yerinə yetirmir. 52 amerikalı girov (1 nəfər ağır xəstə olduğu üçün tez azad edilir) 20 yanvar 1981-ci ildə azad edilir və onların Almaniyaya getməsinə icazə verilir.



İran hakimiyyəti tərəfindən yönəldilən növbəti vandal hücum 2011-ci ildə baş verdi. O zaman yüzlərlə tələbə Böyük Britaniyanın İrandakı səfirliyinə və Tehran ətrafında səfirliyə məxsus olan yardımçı binalara hücum etdilər. 6 britaniyalını girov götürən tələbələr səfirliyin binasını tamamilə dağıtdılar. Bu hadisədən sonra İranda Britaniya səfirliyi bağlandı. Eyni zamanda rəsmi London İran diplomatlarını təcili şəkildə ölkədən göndərdi. Britaniyanın ardınca Norveç, Kanada və bir sıra digər ölkələr diplomatik missiyalarını geri çağırdılar.



Növbəti oxşar hadisə isə 2016-cı ildə Səudiyyə Ərəbistanına qarşı baş verdi. Belə ki, yanvarın 2-də səhər saatlarında İrana meylli şiə alimi, şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi iki ölkə arasındakı diplomatik müharibənin başlamasına səbəb oldu. Yanvarın 3-də bir qrup etirazçı tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum edildi. Səudiyyə Ərəbistanı buna cavab olaraq İranla münasibətlərin dayandırıldığını bəyan etdi.



İranın diplomatik missiyalara ən son hücumlarındna biri də ötən il avqustun 4-də baş verdi. O zaman da Azərbaycan səfirliyi hədəfə alınmışdı. Belə ki, həmin gün bir qrup şəxs Londonda Azərbaycan səfirliyinə hücum etmişdi. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüar yazmışdılar. O zaman bu hücum Mehdinin Nökərləri Birliyinin üzvləri tərəfindən həyata keçirilmişdi. Şiə təriqətinə mənsub, Londonda mənzillənən Mehdinin Nökərləri Birliyi İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirir. Qrup üzvləri Azərbaycan hökumətinin bəzi şiə müsəlmanları “təqib etdiyini" iddia edirdilər. O zaman da bu hücumun arxasında İranın dayandığına dair fikirlər aktual idi.

Beləliklə, İranın gərgin münasibətlərdə olduğu ölkələrin səfirliklərinə hücum etməsi bir ənənə halını alıb. Rəsmi Tehran indiyədək bir çox ölkələrə məhz onların diplomatik nümayəndəlikləri üzərindən təzyiq göstərməyə çalışıb ki, Azərbaycanla bağlı son hadisə də bu qəbildəndir. Eyni zamanda Tehran müxtəlif ölkələrin hüquq müdafiəçiləri, jurnalistləri və ictimai xadimlərini girov götürməklə də məşhurdur və buna dair də onlarla fakt sadalamaq mümkündür. Lakin elə yuxarıda qeyd etdiyimiz məqamlar da göstərir ki, İranda diplomaktik nümayəndəliklərə hücumlar bilavasitə bu ölkənin rəhbərliyinin göstərişi ilə həyata keçirilir.

Zaur,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər