Ru
15:31 / 25 Fevral 2022

Məşhur aşpazlar “Yaban”da - Lənkəran mətbəxi günlərində unudulan yeməklər – FOTOLAR

Məşhur aşpazlar “Yaban”da - Lənkəran mətbəxi günlərində unudulan yeməklər – FOTOLAR
Eye

Bakıda bulvar ərazisində yerləşən “Yaban” bulvar restoranında Lənkəran mətbəxi ayının son günləri ilə əlaqədar tədbir keçirilib.


Bakupost.az xəbər verir ki, tədbirdə gənc lənkəranlı aşpazların yeməkləri təqdim olunub.

Yanvarın 20-dən başlayaraq davam edən Lənkəran mətbəxi günləri martın 1-də başa çatacaq. Bölgə mətbəxini gündəmə gətirməkdə məqsəd odur ki, Lənkəran UNESCO tərəfindən 4 il müddətinə Dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunmuşdu.

Tədbirdə iştirak edən Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Bakupost.az -a Lənkəran mətbəxi günləri ilə bağlı danışıb.


Baş kulinar qeyd edib ki, Lənkəran mətbəxi günləri ilə bağlı bir sıra mühüm tədbirlər keçirilib:





“Lənkəran mətbəxi günləri çərçivəsində qədim Lənkəran yeməkləri burada təqdim olunub. Eyni zamanda, digər regionlarımızda və hətta Bakıda yaşayan lənkəranlılar bu yeməklərlə yaxından tanış olub, gələn qonaqlar isə bu möcüzəyə məətəl qalıblar. Çünki heç vaxt restoran biznesində verilməyən yeməklər burada müştərilərə təqdim olunub.

Bu tədbirə Lənkəran Peşə Məktəbində yetişən gələcək aşpazlar dəvət olunublar. Onlar Lənkəran mətbəxinin qədim yeməklərinin təqdimatını ediblər. Bu, bizə nə verəcək? Birincisi, öz peşələrinə sevgilərini bildirəcəklər, ikincisi, gənc aşpazlar əl işlərindən ibarət fotoların təqdimatını edəcəklər, eyni zamanda, müəllimlərinə belə bir tədbir haqqında danışacaqlar”.

Baş kulinar qeyd edib ki, gənc aşpazların Dünya Kulinariya Olimpiadasına göndərilməsi üçün artıq addımlar atılır:

“UNESCO tərəfindən Lənkəran 4 il müddətinə Dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunub. Ona görə də hər gün bu işin üzərində işlənməlidir ki, 3-4 ildən sonra Lənkəran, doğrudan da dünyanın mətbəx paytaxtına çevrilsin. İndi Dünya Kulinariya Olimpiadasına gənc aşpazlarımızın göndərilməsi ilə bağlı danışıqlar aparırıq. Eyni zamanda, Lənkəran mətbəxi toplanılır və onun üzərində işlər gedir”.



T.Əmiraslanov Lənkəran mətbəxi ilə bağlı tədbirlərin digər bölgələrimizdə keçirilməsini də təklif edib:

“Lənkəran mətbəx günləri Gəncədə, Qubada və digər bölgələrimizdə, xarici ölkələrdə də keçirilə bilər. Lakin bunun üçün dövlət orqanları və yaxud bu sahədə bizneslə məşğul olanlar maraqlıdırsa, edə bilərik. Müəyyən vəsaitin olması da əsas şərtlərdəndir”.




Restoranın baş aşpazı Firdovsi İsmayılov qeyd edib ki, Lənkəran mətbəxinin son günləri ilə bağlı keçirilən tədbirdə lənkəranlı gənc aşpazlara “master class”lar keçir:

“15 ilə yaxındır ki, “Yaban” bulvar restoranında fəaliyyət göstərirəm. Demək olar ki, ilk yarandığı gündən buradayam. “Yaban” bulvar restoranlar şəbəkəsinin qurucusu Rəşid Hüseynov daim milli mətbəximizin təbliği istiqamətində bizə tövsiyələrini verir. Hazırda paytaxtda 4 “Yaban” restoranı var, onlar Gənclik, Yasamal, Xətai və bulvarda yerləşir. Lənkəran və Şuşada da açmaq fikrimiz var. Bu gün keçirilən tədbirdə Lənkərandan gələn gənc aşpazların yeməkləri təqdim olundu və biz onlara qiymət verdik. Onların təqdim etdiyi yeməklər, demək olar ki, unudulub və restoranlarda təqdim olunmur. Ona görə də biz istədik ki, Lənkəran mətbəxinə aid unudulmuş yeməklərimizi yenidən bərpa edək və restoran biznesinə daxil edək. Çünki gənclərimiz qədim yeməklərimizi tanımırlar. 2 usta, 3 gənc aşpazdan ibarət olan Lənkəran komandası həmin yeməkləri təqdim etdilər. Həmin yeməklər “Şinə qəylə”, boranı deserti, sulu lülə və digərləridir. Lənkəran mətbəxi günlərində tanınmış simalarla yanaşı, digər regionlarımızdan da Lənkəran mətbəxini dadmağa gələnlər çox oldu. Onlar bildirirdilər ki, bu yeməklərin möcüzəvi dadı var”.

Şef aşpaz bildirib ki, martın 17-dən 21-nə kimi Livanda böyük kulinariya yarışında iştirak edəcək:

“Lənkəran yeməkləri və Lənkəran komandası ilə yarışda iştirak edəcəyik. Komanda 6 nəfərdən ibarətdir. 25 dövlət arasında Azərbaycanı Lənkəran mətbəxi ilə təmsil edəcəyik. Ümid edirəm ki, yenidən yaxşı nəticə ilə qayıdarıq”.

Lənkəranlı şef aşpaz Nüsrət Səlimov da öz fikirlərini bölüşüb.

O, 11 ildən artıqdır ki, aşpaz kimi çalışdığını və Şahhüseyn Kərimovun tələbəsi olduğunu qeyd edib:

“Lənkəranda bir çox otel və restoranlarda menyuların qurulmasında iştirak etmişəm və mətbəximizi bacardığım qədər təbliğ və təqdim etməyə çalışıram. Həm də özüm Lənkəran Peşə liseyində istehsalat-təlim ustası kimi işləyirəm. Yaxşı şeflər yetişdirməyə çalışıram”.



Şef aşpaz kəndləri gəzib araşdırdığını, ortalıqda olmayan yeməklər barədə maraqlanıb hazırladığını bildirib:

“Bu gün “Şinə qəylə” bişirdik. Qədim yeməklərdən biridir. Demək olar ki, zəhmətli iş olduğuna görə bu yeməyin hazırlanması indi çox az evlərdə qalıb. Daha sonra biz Lənkəranda hazırlanan “Talış çığırtması” hazırlayacağıq. Bizdə fərqli olaraq darçından istifadə olunur. Biz modern üslubda bu yeməkləri restoran biznesinə daxil edib müştərilərə təqdim edə biləcəyik. Daha bir yeməyimiz sulu lülədir. Lənkəranda təkcə bir kafe var ki, orada hazırlanır. Bir çox yeməkləri mən ustadımdan öyrənmişdim. Onlar bu gün evlərdə hazırlanmır”.

O, həmçinin, mətbəximizə yenilik gətirdiklərini də vurğulayıb:

“Məsələn, mən “ləvəngi-suşi” hazırlamışam, qonaqlarımız tərəfindən çox maraqla qarşılanır. Daha sonra bizim "Şamıplov" yeməyimiz var ki, mən ondan “qazmaq-burger” düzəltmişəm. Çığırtmanı da fransız üsulu olan “paşot yumurta” ilə təqdim edəcəyəm”.

N. Səlimov burada həm ona kömək etmək, həm də təcrübə qazanmaq məqsədilə Lənkəran Peşə Liseyinin aşpazlıq qrupundan 2 tələbənin olduğunu deyib.

O sonda Novruz bayramı ilə bağlı da planlarının olduğunu açıqlayıb:

“Bizdə Səməni halvası hazırlanır, biz istəyirik ki, Novruz bayramı günlərində “Karnaval hotel”in ərazisində şəhərimizə gələn qonaqlar üçün Səməni festivalı edək. Bir də ki, plovlarımızdan da təqdim edəcəyik. Ortalıqda olmayan yeməklərimizi, şirniyyatlarımızı halvalarımızı ortalığa çıxarıb təbliğ etmək istəyirik”.

Sonda mükafatlandırma mərasimində gənc aşpazlara kursu bitirmələri ilə bağlı diplomlar təqdim olunub.





Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar