Ru
13:30 / 19 Yanvar 2023

Marjinallıqdan urbanizasiyaya...

28190


Elçin Orucov
Sosioloq


Son günlərdə cəmiyyətimizdə eko-fəalların Qarabağda dirənişi və Naxşıvanda baş verən hadisələr gündəmdə olduğu bir vaxtda, bir tərəfdən də “şəhərli–kəndli” mövzusu media məkanımızı 2-3 gündür zəbt edib. Əməkdar artist, keçmiş “Bakılı oğlanlar” klubunun tanınmış üzvü Bəhram Bağırzadənin Bakı kafelərinin birində verdiyi müsahibə insanlarımız arasında narazılığa və bəzi hallarda isə təhqirlərə səbəb olub. Hal-hazırda sosial şəbəkələrdə insanlar bu həssas mövzuya aktiv münasibət bildirir və əksər hallarda Bəhram Bağırzadəni bu sərt mövqeyinə görə tənqid atəşinə tuturlar. Xatırladaq ki, B.Bağırzadə rayonlardan Bakıya gələn insanları şəhər həyatına uyğunlaşa bilmədiklərinə görə onları günahlandırıb. “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, biz burda çəkiliş edirik, amma onlar hətta kafedə ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı ilə gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” - deyə B.Bağırzadə fikir bildirib.

Mən bir sosioloq olaraq bu məsələyə fərqli bucaqdan baxıram və düşünürəm ki, hörmətli Bəhram müəllim o anda emosiyalarına hakim ola bilməyib. O hardan təsdiq edə bilər ki, o kafedə oturan insanların neçə faizi bakılı və neçə faizi rayonludur? Əgər o müsahibədən əvvəl kafedə olan insanlarla sosial rəy sorğusu aparılsaydı və ya “fokus-qruppa” yaradılıb anketlər toplansaydı, onda ordakı insanları əminliklə faiz üstünlüyü olaraq “şəhərli” və ya “rayonlu” kateqoriyasına aid etmək olardı. Necə təyin etmək olar ki, orda səs-küy salanlar üstünlüklə “şəhərlilər” və ya “rayonlular” olublar? Yoxsa elə bir sehirli “cihaz” yoxdur ki, insan kütləsinə yönəldəndə onları müəyyən sosial stereotiplərə, rayonluya və şəhərliyə ayırsın. İnsanlara belə bir sosial damğa vurmaq nə qədər doğrudur? Digər tərəfdən də, kafeyə gələn insanlar bir-biriləri ilə söhbət edə bilərlər və bu da normal bir haldır. Normalda insanlar elə məkanlara məhz ünsiyyət üçün gedirlər. Heç kim kafedə lal kimi oturmur. Bir məkanda 40-50 insan istirahət edərək söhbət edirsə, orda təbii ki, tam sükunət mümkün deyil. Düşünürəm ki, o müsahibə daha sakit və uyğun bir yerdə aparılsaydı, lap yaxşı olardı. İnsanların isə burda bir günahı yoxdur. Bu “şəhərli-rayonlu” məsələsindən daha çox, müsahibə üçün düzgün yer seçilməməsi problemidir. Amma Bəhram Bağırzadəyə bir tərəfdən də təşəkkür etmək lazımdır ki, cəmiyyətin əsas problemlərindən olan urbanizasiya problemini yenidən gündəmə gətirdi.


Məsələnin kökünə baxanda onun dedikləri bir tərəfdən doğrudur və belə hallar bu gün vətənimizin paytaxtı olan Bakıda çox qabarıq şəkildə hər sahədə özünü göstərir. Doğru sözə nə deyəsən? Amma hörmətli Bəhram müəllim bu sözləri eyni zamanda milyonlarla vətəndaşlarımıza şamil edir. Bu isə fikrimcə, doğru yanaşma deyil. Belə açıqlamalarda həddindən artıq diqqətli olmaq lazımdır, çünki ictimai reaksiya baxımından xalqımızın milli mentalitetini də nəzərə alsaq, görərik ki, bu çox həssas məsələdir. Digər tərəfdən son 25-30 ildə cəmiyyətdə baş verən iqtisadi, mədəni və sosial problemlərin nəzərə alınması və dərindən analiz edilməsi lazımdır. Görünür, B.Bağırzadə üçün “bakılı-rayonlu” məsələsi ciddi bir problemdir və müsahibə vaxtı kafedə olan səs-küy onu özündən çıxarıb. Orda olan səs-küy sadəcə “triqqer” rolunu oynayıb (bir səbəb olub) və mediaya sıçrayıb. Eyni zamanda düşünürəm ki, bu problemin gündəmə gəlməsi təsadüfi deyil. Amma bu elə bir problemdir ki, bunu bir-iki cümlə ilə həll etmək imkansızdır və bu sosial yükü hər hansı insan təbəqəsinə yükləmək olmaz. Bu bütün cəmiyyətin ortaq problemidir. Kənd-rayon insanlarının şəhər mədəniyyətinə inteqrasiya olunması və şəhər sosial vərdişlərinə uyğunlaşması tək Azərbaycanda deyil, dünyanın bütün ölkələrində baş verir və bu uzun sürən bir prosesdir. Əsas da dünyada paytaxt rolunu oynayan böyük meqapolislər bu problemlərdən əziyyət çəkirlər. Urbanizasiya bütün cəmiyyətlərdə ağır gedir və bunu daha geniş səviyyədə, mütəxəssisləri də dəvət edərək müzakirə etmək lazımdır. Hətta bu barədə böyük auditoriyalarda vaxtaşırı elmi-praktik konfranslar və başqa formatlarda tədbirlər keçirmək faydalı olardı. Bəhram Bağırzadə və ya digər ictimai fəal insanlar bu problemi təkbaşına həll edə bilməzlər. Bu böyük sosial böhranların nəticələrindən doğan problemlərdir. Urbanizasiya da burada istisna deyil. Emosiya ilə və günahlandırmalarla bu problemlər əsla həll oluna bilməz. Məsələyə elmi nöqteyi nəzərindən və sistemli şəkildə yanaşmaq lazımdır.

Bu qalmaqallı müsahibədən sonra bir çox tanınmış insanlar problemin həlli yollarına toxunublar. Amma bu problemi nə siyasət müstəvisindən, nə də mədəniyyət müstəvisindən analiz etmək mümkün deyil. Urbanizasiya sosial bir problemdir və Sosiologiya elmini bilmədən cəmiyyətdə gedən prosesləri görmək olmur. Hər hansı problemin həlli isə o problemi doğru bucaq altında görməkdən başlayır. Bu bir mədəniyyət problemi deyil. Sosiologiyada şəhər və kənd mədəniyyəti anlayışları var, “yaxşı” və ya “pis” mədəniyyətlər yoxdur. Şəhərin də, kəndin də yaxşı və pis cəhətləri vardır. Məsələn, kənd insanları təbiət etibarı ilə sadə və bir birləri ilə daha səmimi olurlar, zəhmətkeş olurlar, sağlam qidalanırlar, təbiəti daha dərindən hiss edirlər, şəhərin stressli ritmindən uzaq olurlar və s. Şəhər insanları bunlardan məhrum olsalar da, onların da üstünlükləri başqa dəyərlərə sahib olmalarıdır. Amma hər iki mədəniyyət özünə görə obyektiv bir dəyər kəsb edir. Çünki mədəniyyət subyektiv yox, obyektiv bir faktordur. Hər iki mədəniyyət iqtisadi amillərin, əmək bölgüsü və təsərrüfat münasibətlərinin təsiri altında on illərlə, bəzən yüz illərlə formalaşır. Ənənələr də tarixən bu mədəniyyətlərə təsir edir və onların ayrılmaz parçasına çevrilir. Şəhər və kənd mədəniyyətləri fərqli olsa da, onları müqayisə etmək doğru olmazdı. Hər iki mədəniyyət öz yerində tamdır və öz məkan çərçivəsində qəbulediləndir. Bu iki mədəniyyətin daşıyıcıları ortaq bir məkana gəldikləri zaman isə ziddiyyətlər ortaya çıxır və onda biz “mədəniyyət toqquşmalarının” şahidi oluruq. Məsələn, kənd şəraitində yaşayan bir insan şəhərə gəldiyində, öz yaşam davranışını və sosial vərdişlərini davam etdirir. Bu normal bir psixoloji durumdur. O, birdən-birə şəhər mədəniyyətini mənimsəyə bilməz. Əgər o uzunmüddətli şəhərə gəlibsə (yəni köçübsə) demək ki, bir uyğunlaşma prosesindən keçməlidir. Əks təqdirdə onun daxilən sahib olduğu mədəniyyət, hal hazırda qarşılaşdığı mədəniyyətlə ziddiyyət təşkil edəcək və bu da çox zaman psixoloji, mənəvi, emosional və hətta iqtisadi problemlərə yol aça bilər. Bu “şəhərə uyğunlaşma” prosesinə isə urbanizasiya deyilir.

Bir sosioloq kimi urbanizasiya probleminin həllini milyonlarla insanı təqsirləndirməkdə görmürəm. Onlar bizim dəyərli və qeyrətli insanlarımızdır. Hamı bu dövlətin tam hüquqlu vətəndaşıdır. Bu ölkədə şəhərli də, rayonlu da vətənimizi düşmənlərdən azad etmək üçün canlarını verməyə və dövlətimizi hər sahədə gücləndirmək üçün fədakarlıq göstərməyə hazırdır. Bu ölkə hamımızın ölkəsidir və gözəl paytaxtımız da hamının paytaxtıdır. Nəzərə almaq lazımdır ki, urbanizasiya probleminin altında iqtisadi faktorlar yatır. Unutmayaq ki, milyonlarla insanlarımız məhz iqtisadi səbəblərdən böyük şəhərlərə üz tuturlar və iqtisadi sıxıntılar onları “rahatlıq zonasından” (comfort zone) çıxarıb şəhər mədəniyyətin ağuşuna atır. Onu da xatırlayaq ki, 1 milyona yaxın qaçqınlarımız 90-larda öz rahat evlərini məcbur tərk edib Bakıya gəlirdilər. Müharibə şəraiti həmişə insanların miqrasiyasına təsir edir və bu da öz növbəsində urbanizasiyanı ləngidən amillərdən biridir. Heç kim böyük meqapolislərə teatra və konsertə baxmaq üçün gəlmir. Amma urbanizasiya probleminin təməlində duran ən əsas səbəb iqtisadi problemlərdir.

Biz bir xalq olaraq qarşılıqlı anlayış və empatiya nümayiş etdirərək səbrli davranmalıyıq. İstər istəməz şəhər mədəniyyəti zamanla öz təsirini göstərəcək və bir vaxt marjinal sayılan insan qrupları şəhər həyatına assimilyasiya olacaqlar. Bu prosesi sürətləndirmək mümkün deyil. Sosial gərginlik yaratmaq yerinə, cəmiyyətdə geniş təbliğat aparmaq daha məntiqli olardı.

Bu gün Azərbaycan cəmiyyətində “urbanizasiya” sözü dillər əzbəri olub. Amma onu da qeyd etmək lazımdır ki, “urbanizasiya” ilə bərabər “marjinallıq” da öyrənilməlidir. Bu iki termin bir biri ilə sıx əlaqədardır. Urbanizasiyanı yaradan marjinal qruplardır. Daha doğru desək, marjinal qruplar “mədəniyyət yerdəyişmələri” etməsər, urbanizasiyaya ehtiyac qalmaz. Sosiologiyada “marjinal qruplar” anlayışı daha geniş şəkildə öyrənilir. Marjinallığı sosiolagiyada dərindən tədqiq edən ən böyük alimlərdən amerikan sosioloqu Robert Parkı və alman filosofu və sosioloqu Qeorq Zimmeli göstərmək olar. R.Parkın fikrincə, “marjinal insan” iki fərqli, çox vaxt bir-birinə zidd olan mədəniyyətlərin sərhədində olan fərddir. Marjinallar bir neçə qrupa bölünürlər. Məsələn etnik, mədəni və ya dini fərqlərə sahib olaraq başqa ölkələrə köç edən miqrantlar da marjinal qruplara aiddir. Bu təqdirdə onlar istər istəməz başqa bir mədəniyyətin əhatəsində yaşamağa məcbur qalırlar. G.Zimmelə görə, kənddən şəhərə köç edən insan qrupları da marjinal qruplardır, çünki onlar şəhər və kənd mədəniyyətlərinin sərhədddini təşkil edirlər. O insan qrupları da başqa mədəniyyətlə, başqa ənənələrlə qarşılaşırlar. Və belə bir zəmində “mədəniyyət toqquşmaları” baş verir. Sosiologiyada buna “sosial münaqişə” deyilir. Marjinal insanın xarakterini müəyyən edən əsas şey, keçid dövrü ilə əlaqəli köhnə vərdişlərin atıldığı və yenilərinin hələ formalaşmadığı sosial bölünmə və sosial münaqişə (social conflict) hissidir. Marjinal fərdin uyğunlaşma problemləri isə sosial-iqtisadi (maddi, psixoloji və s.) böhran olaraq təyin olunan köçdən qaynaqlanır. Marjinallıq və urbanizasiya problemləri R.Parkın nəzəriyyəsinə əsasən, ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçidlə sıx bağlıdır. Ona görə də təkcə başqa ölkəyə köç edən “etnik hibrid” marjinal olmur, həm də bir yerdən başqa yerə köçən mühacir, və ya şəhərə köçən və şəhər həyat tərzinin tələblərinə uyğunlaşmaqda çətinlik çəkən dünənki kəndli də marjinal olur. Marjinal qruplar çox vaxt cəmiyyətin sosial institutlarından qismən və ya tamamilə təcrid olunmuş qruplarına aid olurlar. Ona görə kənd həyatından şəhər mühitinə düşmüş bir insanı teatrdan, kinodan və operadan çox, maddi problemlər maraqlandırır. Amma bu o demək deyil ki, bölgələrdən böyük şəhərlərə gələn insanlar cəmiyyətin mədəni, elmi, siyasi və başqa sahələrində passiv qalırlar. Əksinə R.Parkın fikrinə görə marjinallar “mono-mədəni” tiplərdən fərqli olaraq cəmiyyətdə daha aktiv, daha bacarıqlı, dəyişikliklərə və yeniliklərə daha çox yönəlik, qabaqcıl və yerli əhaliyə nisbətən daha hərəkətli olurlar. Tarixə nəzər salsaq, cəmiyyəti irəliyə aparan şəxsiyyətlərin böyük hissəsi kəndlərdən və bölgələrdən gələn insanlar olmuşlar. Avraam Linkoln, Leonardo Da Vinşi, Mixail Lomonosov, Tomas Edison, Henri Ford və minlərlə başqaları kəndlərdən böyük şəhərlərə gələn marjinal insanların arasından çıxmışlar. Bu böyük şəxsiyyətlər siyahısını durmadan davam etdirmək olar. Nəzər yetirsək, biz Azərbaycan cəmiyyətində də bu tendensiyanın şahidi ola bilərik.
Fikrimcə, insanlarımız urbanizasiya keçid dövrünü uğurla və minimum streslə başa vuracaq. Bunun üçün isə prosesləri tezləşdirmək yerinə, bir az səbrli və anlayışlı davranmaq lazımdır.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər