Bakıda parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin iclası keçirilib.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib.
Natiq Məhərrəmovun anası ifadəsində bildirib: "Gəlin böyük-kiçik yeri bilmirdi. Deyirdim, yaşı azdı, gələcəkdə düzələcək. Oğlumla gəlinim arasında münaqişələr olurdu. Oğlumun Elnur adında uşaqlıq dostu var idi. Çox yaxın idilər, evə gəlib-gedirdi. Eşitdiyimə görə, oğlum olmayanda gəlin qapını açıb Elnuru evə buraxıb. Demirəm ki, Elnurla gəlin arasında münasibət var idi, sadəcə şübhələrimi deyirəm. Oğlum ona deyirdi, zibil atmağa çıxma, amma o söz eşitmirdi. Bir şübhəli məqam da var idi ki, Sevinc uşaqları səhər məktəbə aparıb günorta gətirirdi. Evə gələndə ayaqyoluna girirdi. Bir gün soruşdum, orda nə edirsən, dedi, paltar dəyişməyə yerim yoxdu, orada dəyişirəm. Davalara səbəb şübhələr olub. Bir gün anasını çağırdım, dedim ki, qızın böyük-kiçik yeri bilmir, yalan danışır, qızınla danış.
Hadisə parkda baş verib, gəzməyə gedirdilər o parka. Hadisənin baş verdiyini digər oğlumdan öyrənmişəm. Bu olanları dəstəkləmirik. Nəvəm Əziz də əqli gerilik var idi, hər gördüyünü danışırdı. Bir gün demişdi ki, saqqallı kişi bizə gəldi, mənə konfet verdi, evə keçib mamanı qucaqladı. Hicab taxmağa gəlincə, oğlum gəlini buna məcbur etməyib”.
İş materiallarında təqsirləndirilənin psixi problemlərinin olduğu qeyd edilsə də, anası oğlunda bu kimi halla qarşılaşmadığını deyib.
İfadə verən digər 17 yaşlı şahid isə hadisə baş verən zaman Qaraçuxur qəsəbəsindəki parkda olduğunu deyib:
"Parkda dostumla oturmuşduq. Kimsə köməyə çağırırdı. Əraziyə gedəndə gördüm xanım yerdə uzanıb. Təqsirləndirilən bıçaqla onun qoluna vururdu. Sonra o, bıçağı yerə atdı. Qadın can verirdi yerdə.Təcili yardım çağırdıq, gəlib apardılar”.
Məhkəmənin növbəti iclası 26 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, 35 yaşlı N.Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində həyat yoldaşı, 39 yaşlı S.Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.