Ru
14:36 / 07 Yanvar 2023

Qərbi Azərbaycana qayıdış konsepsiyası: icma hansı məsələlərə yer ayıracaq?

38670
Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü mühüm mesajlarla yadda qaldı. Artıq Qarabağın məcburi köçkünlər icmasının öz torpaqlarına qayıtdığını vurğulayan ölkə başçısı bu prosesin Qərbi Azərbaycanla bağlı baş verəcəyini də bildirdi:

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır".



Dövlət başçısı həmin görüşdə Qərbi Azərbaycanın tarixi torpağımız olduğunu, lakin əfsus ki, ermənilərin Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib dağıtdıqlarını, azərbaycanlıların tarixi irsini silmək istədiklərini vurğuladı: "Ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Prezident həmçinin Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntıların mütləq dünya ictimaiyyətinə çatdırılmalı olduğunu, bunu Qərbi Azərbaycan İcmasının dövlətin dəstəyi il edəcəyini vurğuladı. Qarabağ savaşında əldə etdiyimiz həm hərbi, həm də siyasi uğurlarımızın gələcək üçün zəmin yaratdığını diqqətə çəkən Azərbaycan prezidenti Qərbi Azərbaycan İcmasının bir neçə istiqamət üzrə öz işini davam etdirməli olduğunu qeyd etdi. O, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənməli olduğunu da bildirdi.



Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli hesab edir ki, Prezidentin gündəmə gətirdiyi Qərbi Azərbaycan məsələsi növbəti illər üçün dövlət strategiyasının hədəflərindən biridir.

O, Bakupost.az -a açıqlamasında deyib ki, Qərbi Azərbaycan icması Prezidentin verdiyi tapşırıqları, qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışacaq:

"Həmin tapşırıqlar tarixən o ərazilərin azərbaycanlılara məxsus olmasının faktlar, sənədlər əsasında ortaya qoyulmasından ibarətdir. Daxili auditoriya ünvanlanan tapşırıqlarda çalışmalıyıq ki, insanlarımızın öz dədə-baba yurdlarına bağlılığı və ümidləri qırılmasın. Son deportasiya zamanı 300 minə yaxın soydaşımız ermənilər tərəfindən qovulub çıxarılıb. O ərazidəki bütün yaşayış məntəqələri soydaşlarımıza məxsus olsa da, 1988-ci il deportasiyasına qədər orada 300-ə yaxın məntəqədə soydaşlarımız yaşayıb. Əgər hazırda Qarabağ müharibəsinin nəticələri aradan qaldırılırsa, bu prosesə Qərbi Azərbaycandan qovulmuş insanların da məsələsi daxil edilməlidir. 34 il ərzində insanlarımız dədə-baba yurdlarına qayıtmaq ümidini qətiyyən itirməyiblər. Qərbi azərbaycanlıların deportasiyasından sonra Ermənistan suveren ərazilərimizi işğal edib, 1 milyona yaxın məcburi köçkünümüz dədə-baba yurdundan qovulub. Bu illər ərzində istər Qarabağ, istər Qərbi Azərbaycan, istərsə də Azərbaycanın başqa bölgəsi olsun, bir millət olaraq, hamımızın qarşısında bir məsələ dururdu: Qarabağ və Şərqi Zəngəzur ərazisində erməni işğalı altında olan torpaqlarımızın azad olunması. Ona görə də Qərbi Azərbaycan məsələsi bir müddət arxa plana keçmişdi. Amma bizim insanlarımız ora qayıtmaq ümidini heç vaxt itirməyib”.

Ə.Ələkbərli bildirib ki, Xankəndində yaşayan ermənilər “haqq və hüquqlarını” beynəlxalq müstəvidə qaldırır, hay-küy salırlar:

"Amma Qarabağ münaqişəsinin ilk mərhələsində Ermənistan vətəndaşı olan 300 minə yaxın azərbaycanlının zorla, vəhşicəsinə qovulub çıxarılmasını görməzdən gəlirlər. Bu deportasiya zamanı 200-dən artıq soydaşımız qətlə yetirilib, 400-dən artıq insan ağır yaralanıb. 300 minə yaxın insana milyardlarla manat dəyərində ziyan vurulub. Ermənilər bunların hamısını görməzdən gəlirlər. 30 il torpaqlarımızı işğal altında saxlayan, o torpaqlarda daşı daş üstündə qoymayan, bütün yaşayış məntəqələrini, tarixi, dini abidələrimizi yer üzündən silən ermənilərin hay-küy salmağa mənəvi haqqı yoxdur. Bu gün ermənilərin "Azərbaycan prezidenti Ermənistan ərazisinə iddia qaldırır" deməsinin heç bir əsası yoxdur. Ermənilər o ərazilərin Azərbaycana məxsus olduğunu dünyaya unutdurmağa çalışırlar. Bu barədə kifayət qədər faktlar, sübutlar var. Qərbi Azərbaycan icması olaraq bizim əsas vəzifələrimizdən biri bütün bu faktları, sənədləri beynəlxalq müstəviyə çıxartmaqdır. Biz Qərbi Azərbaycan həqiqətlərini tam çılpaqlığı ilə ortaya qoymalı və dünya ictimaiyyətinə çatdırmalıyıq. Əgər bu gün Qarabağ münaqişəsi bitibsə və sülh sazişi bağlamağa hazırlaşırıqsa, təbii ki, bu müharibənin birinci mərhələsində dədə-baba yurdlarından qovulmuş 300 min insanın da haqqı masa üzərinə qoyulmalıdır. Əgər ermənilər Azərbaycan ərazisində azərbaycanlılarla yanaşı yaşamaq istəyirlərsə, bu birgə yaşayışın dayanıqlı olması üçün Ermənistanda da ermənilərlə yanaşı azərbaycanlıların yaşama haqlarını təmin eləməlidirlər. İnsanların öz dədə-baba ocağına qayıtmağa mənəvi haqqı var. Bu, bütün beynəlxalq qanunlara da uyğundur”.



Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov da Bakupost.az-a Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyət planının hazırlanacağını bildirib:

“Yaxın gələcəkdə proqram xarakterli sənəd hazırlasaq, bununla həm prezidentin tapşırıqlarını yerinə yetirmiş, həm də arzu və istəklərimizi həyata keçirmiş olarıq. Güman edirəm ki, 2023-cü ilin ilk günlərində icmanın rəhbərləri və əsas üzvləri bir araya gələcək. Prezidentin proqram xarakterli çıxışından irəli gələn vəzifələrimizi müəyyənləşdirəcəyik. Artıq mən bəzi yoldaşlarla əlaqə saxladım. Sənəd tərtib edəcəyik. Əvvəlcə həmin sənəddə nəzərdə tutulan məsələlərin hansını kimin idarə edəcəyi müəyyənləşdiriləcək. Prezident öz çıxışında hüquqi məsələlərə xüsusi diqqət yetirib. Yeni portalın yaradılması, mətbuat, beynəlxalq əlaqələrlə bağlı danışıb. Bunların hamısı müzakirə edilib müəyyənləşdirilməlidir. Ümid edirəm, yanvar ayının ortalarında həmin sənədlə tanış ola biləcəyik. İcmanın İdarə Heyəti, Müşahidə Şurası bir yerə toplaşacaq, müzakirələr aparılacaq, digər insanların da təklifini aldıqdan sonra sənəd hazırlanacaq. Bu, prezidentin tapşırığına əsaslanan sənəd olacağı üçün diqqətlə hazırlanmalıdır".

M.Mərdanov Qərbi Azərbaycandan deportasiya məsələsinə də da toxunub:

“Bu məsələ barədə ayrı-ayrı məqalələrdə, kitablarda yazılıb. Statistik rəqəmlər də bəllidir. Onları dəqiqləşdirməliyik. Çünki biz dünya ictimaiyyətinin qarşısında çıxış edəndə deyəcəklər ki, hansı sənədlərə əsaslanırsız. Ona görə biz həmin tarixin şahidi olmuş insanları eşitməliyik, yazılmış kitablardan gətirilən faktları dəqiqləşdirməliyik".

M.Mərdanov qeyd edib ki, Prezident Qərbi Azərbaycanla bağlı mövcud kitabların müxtəlif xarici dillərə çevrilib çap olunması və dünyada yayılması ilə bağlı tapşırıq verib: "Bizim fəaliyyət planında bu məsələ də nəzərə alınacaq. Bu, bizim vəzifəmizdir. Çünki özümüz bilməklə iş bitmir. Gərək dostumuz da, düşmənimiz də bu həqiqətləri bilsinlər”.



Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə hesab edir ki, Azərbaycan diasporu Qərbi Azərbaycan məsələ ilə bağlı mütəşəkkil fəaliyyət göstərməlidir:

"Prezident Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanmalı olduğunu diqqətə çatdırdı. Bu konsepsiya beynəlxalq konvensiyalarda bizə uyğun müddəalar əsasında yaradılmalıdır. Prezidentin əzmi və “Dəmir yumruq” sayəsində biz torpaqlarımızı geri qaytardıq. Tarixi qələbəmizdən sonrakı əsas vəzifələrimizdən biri isə Qərbi Azərbaycandan, öz dədə-baba yurdlarından qaçqın düşmüş vətəndaşlarımızı öz yurdlarına qaytarmaqdır. Həmin ərazilərdə ermənilərin törətdiyi vəhşiliklər, dağıdılmış milli-mədəni irsimiz dünyaya çatdırılmalıdır. Prezidentin Qərbi Azərbaycan İcması qarşısındakı bu çıxışı bizim sülh yolu ilə məqsədlərimizə çata biləcəyimizin mümkün olduğunu göstərdi”.




Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, YAP-ın İdarə Heyətinin üzvü, deputat Musa Quliyev Bakupost.az-a açıqlamasında Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı konseptual xarakterli, gələcək mübarizəmizin hədəflərini müəyyənləşdirən çıxış etdiyini diqqətə çəkib:

"Dövlət başçısı Qərbi Azərbaycanın itirilmiş torpaqlarında yenidən məskunlaşmanın konturunu müəyyənləşdirdi. Həmin torpaqlar bizim tarixi torpaqlarımızdır. Biz oraya geri qayıtmalıyıq. Bu torpaqlar erməni vandalları tərəfindən işğal olunub. Oradakı abidələr dağıdılıb. Biz bunu dünyaya çatdırmalıyıq. Özü də bu mübarizəni yanlız sülh yolu ilə, beynəlxalq hüquqi normaları çərçivəsində aparmalıyıq”.

Beləliklə, bütün qüvvələr - ictimai-siyasi qurumlar, qeyri-hökumət və hökumət təşkilatları, diasporumuz birləşərək bir hədəfə doğru irəliləməli, Qərbi Azərbaycan məsələsini hüquqi müstəviyə çıxarıb beynəlxalq təşkilatlarda müzakirə etməli, Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu dünyaya sübut etməlidir. Soydaşlarımızın dədə-baba yurdlarına qayıtmasını təmin etmək xeyli dərəcədə bundan asılıdır. Qərbi Azərbaycana qayıdış məsələsinin gündəmə gətirilməsi, bu istiqamətdə atılan addımlar Azərbaycanın bütövləşməsi, qüdrətlənməsi yolunda yeni bir mərhələ, yeni mübarizə tarixidir. Ümid edirik ki, gün gələcək bu mübarizə öz hədəfinə çatacaqdır.

Aynur İbrahimova
Əfsanə Rəcəb
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.





Şərhlər
  • Sveta Rzayeva(Ələkbərova)

    Mənim babam, nənəm əslən Qarakilsənin Urud kəndindəndir.1918- ci ildə məcburən yurd-yuvalarından didərgin salınmışlar. İnşallah ki, tezliklə doğma yurd yerlərimizə qayıdarıq.Səbrsizliklə o günlərin reallaşacağını gözləyirik. Allah yardımçımız olsun.Allah prezidentimizi qorusun , ona güc- qüvvet versin.Amin!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər