Ru
17:56 / 18 Noyabr 2022

Uşaqlar niyə qatil olur? – Valideynlərin yaratdığı "canlı bombalar"

41185
Uşaq deyincə ağlımıza qorunmağa möhtac, zərif çiçək kimi məsum üzlər gəlir. Amma bu gün təəssüflər olsun ki, uşaqlar da məsumiyyətini itirir, caniyə, qatilə çevrilə bilir.

Son illərdə ölkədə artan cinayət hadisələrində artıq uşaq və yeniyetmələrin iştirakı da artıb. Əlində kitab-dəftər tutan yaşda olan uşaqların qollarına qandal vurulur. Bir neçə ay bundan əvvəl orta məktəblərin birində iki yeniyetmə bir-birini bıçaqladı. Bir neçə gün bundan əvvəl isə daha bir yeniyetmə öz sinif yoldaşını xəstəxanalıq olana qədər döyüb ağır xəsarətlər yetirdi. Dünən isə daha dəşhətli bir xəbərlə sarsıldı ölkə. 14 yaşlı yeniyetmə 7 yaşlı uşağı kürəyindən bıçaqladı. Bütün bu hadisələr onu göstərir ki, gələcəyimiz sözün əsl mənasında uçuruma doğru gedir.

Hər bir hadisənin görünən və görünməyən başvermə səbəbləri var. Son 15-20 ildə efirdə nələr izlədiyimizə, mətbuatda nələr oxuduğumuza nəzər salmaq kifayətdir ki, uşaqların qatilə çevirilməsinə zəmin yaradan proseslərin nə olduğunu dərk edək.


Dünyanın tanlınmış psixoloqları mafiya filmlərinin, cinayət hadisələrinin açıq şəkildə göstərildiyi sözdə ailə serialları olaraq həyatımıza girən yerli və xarici serialların bütün ailənin ekran qarşısında olduğu saatlarda yayımlanmasının da uşaqlar arasında cinayətə meyillilik prosesinin sürətləndirdiyi fikrini dəstəkləyir.

Kaş ki, başqalarının sosial mediada nə paylaşdıqları ilə maraqlandığımız qədər, uşaqlarımızın nə etdiyi, nə danışdığı, nəyə ehtiyac duyduğu ilə maraqlansaydıq. Bunlarla maraqlanmadığımız müddətdə bu məmləkətdə hələ çox uşaq məhkəmə qarşısna çıxacaq, hələ çox azyaşlı xırda mübahisənin qurbanına çevriləcək.



Psixoterapevt Elmir Əkbər Bakupost.az -a açıqlamasında son illər ölkədə uşaq qatillərinin sayının artmasının əsasən onların psixi vəziyyətlərinin qaydasında olmaması ilə əlaqələndirir:

“Bu aqressiya hissi cəmiyyətimizdə çox geniş yayılıb və məni bir psixoterapevt kimi narahat edir. Çünki uşaqların, yeniyetmələrin psixi vəziyyətləri qaydasında deyil.Valideynlər onların psixi durumları ilə maraqlanmırlar. Problem yenə də gəlib ailənin üzərində dayanır. Əgər bu gün uşaqlar cinayət hadisələrinin iştirakçısı olurlarsa , deməli, bunların əvvəl də xasiyyətlərində və davranışlarında belə problemlər olub. Çünki bu bir günə yaranan proses deyil. Ailələr uşaqların psixi vəziyətləri ilə ciddi məşğul olmalıdır”.



E.Əkbər hesab edir ki, orta məktəblərdə uşaqlar ciddi psixoloji müayinələrdən keçməlidir: “Məktəblərdə müəllimlər, psixoloqlar diqqətli olmalıdır. Mən düşünürəm ki, uşaqlar məktəblərdə psixoloji müayinələrdən, testlərdən keçməli və qiymətləndirilməlidir”.

Psixoloq cəmiyyətdə aqressiyanın, şiddətin azyaşlılara sıçramasında rol oynayan amillərdən birinin də koronavirus epidemiyası olduğunu deyir:

“Bu, bir tərəfdən də koronavirus epidemiyasının insan psixologiyasına vurduğu zərbələrdən biridir. Karonanın nəticəsində insanlarda təşviş, aqressiya, panik atak kimi emosional proseslər yarandı. Azyaşlılar da bundan öz nəsibini aldı”.


O, uşaqların cinayətə meyilli olaraq formalaşamasında onların əlində oyuncağa çevrilən yeni nəsil mobil telefonların da rolunun danılmaz olduğunu deyir: “Uşaqların oynadığı oyunlara baxsaq, görərik ki, onların böyük əksəriyyətində öldürmək, qətl, cinayət var. Valideynlərin çox zaman uşaqların telefonlarda nələri izlədiklərinə, hansı oyunlar izlədiyinə nəzarət etməməsi də bu cür xoşagəlməz hadisələrə zəmin hazırlamış olur”.

Əvvəllər də uşaqlar arasında dava olardı. Amma bu davalar can almağa qədər gedən şiddət olmazdı. Uşaqlar arasındakı güc tarazlığı “güclü olan zəifi məhv edər” şəkilini alan uşaq terroruna çevirlidi.

Ölkəmizdə ailə qayğısından məhrum, küçələrdə nəzarətsiz böyüyən uşaqların sayı gün keçdikcə artır. Onlar arasında pul, yer üstündə yaranan münaqişələr də artıq ölüb-öldürmək həddinə gəlib çatır. Ötən gün Sabuçu bazrında baş verən hadisə də nəzarətsiz küçə uşaqları arasında baş verib. 14 yaşlı yeniyetmə pul üstündə 7 yaşlı uşağı kürəyindən bıçaqlayıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında bu gün Azərbaycanda tufeyli həyat tərzi sürən uşaqlarla bağlı hələ də əsaslı və ciddi addımlar atılmadığını deyir:



“Bizim ölkədə nəzarətsiz uşaqların sayı kfayət qədərdir. Amma bu gün təssüflər olsun ki, nəzartəsiz, tufeyli həyat tərzi keçirən uşaqlarla bağlı konkret və ciddi addımlar atılmir. Biz zaman-zaman küçə uşaqları ilə bağlı məsələyə müdaxilə edəndə onların ailələri və başqa faktlar üzə çıxır”.

Cinayət hadisələrinin əsas “qəhrəmanlarına” çevrilən uşaqların əsasən, nəzarətsiz uşaqlar olduğuna diqqət çəkən Günel Səfərova bu cür dəhşətli hadisələrin artıq məktəblilər və ailə içərisindən çıxan uşaqlar arasında yayılmasının ciddi narahatlıq doğurduğunu bildirir:

“Ümumilikdə o yaş qrupunda uşaqların cinayət törətməsi daha çox nəzarətsiz uşaqlar arasında olur. Onlar əsasən, məktəbə getməyən, təhsildən yayınan uşaqlardır. Amma bu o demək deyil ki, məktəbə gedən uşaqlar arasında bu cür hadisələr baş vermir. Bu çox ciddi məsələdir. Uzun müddətdir məktəblərdə “Həyat bilgisi” fənni tədris olunur və həmin fəndə uşaqların davranış qaydaları, insanlarla ünsiyyət formaları və sair tədris olunur. Amma bunun uşaqlara çatdırılmasında məktəbədən başqa valideynlərin də rolu olmalıdır.”


Uşaqların özlərinin təhlükəsizliyi ilə bağlı məsələnin gündəmə gətirilməsinin vacibliyini vurğulayan G. Səfəova hesab edir ki, Azərbaycanda uşaq müdafiə siyasəti gücləndirilməlidir:

“Biz bu sistemi qurmaqda gecikirik. Amma bunu qurtmalıyıq. Bizim sənədsiz uşaqlarımızın sayı hər gün artır. Təhsildən kənarda qalan, zorakılıqla üzləşən, cinayət törədən uşaqlarımız var. Buna görə də uşaqlarla işləyən bütün qurumlar arasında sıx kordinasiya formalaşmalıdır. Belə olduğu təqdirdə biz görəcəyik, fəaliyyətdə hansı boşluqları buraxırıq ki, nəticəsəni bu formada - cinayət törədən uşaqlar, narkotikaya cəlb olunmuş uşaqlar, bir birinə şiddət göstərən uşaqlar kimi görürük. Bəli, bu gün dünyanın hansı ölkəsinə getsək, uşaqların, yaxid uşaqlara qarşı zorakılıq, öldürmə faktlarını görəcəyik. Amma o sistemi qursaq, məncə, bizim tipli ölkələrdə bu problemləri daha tez həll etmək olar”.



Valideyn-övlad münasibətlərinin hər gün keçdikcə daha da uçuruma yuvarlandığı cəmiyyətimizdə uşaqların cinayətə meyilli olması qarşısıalınmaz hal ala bilər. Bu gün uşağın xoşagəlməz davranışlarının “uşaqdır, böyüyəndə düzələcək”, “qanmır” deyərək ötüşdürülməsi problemin sağalmaz yaraya çevirləsinə səbəb olur. Şübhəsiz ki, uşaqların davranış və şəxsiyyət pozuntiları bir gündə nəzərə çarpmır. Onun ayaq səsləri hələ körpə yaşlarında eşidilir. Uşaqlarının dostlarına şiddət göstərməsini, heyvanlara zərər verməsini, əşyaları dağıdıb sındırmasını görməzdən gələn valideynlər övladlarının əlindəki bıçağı hələ o yaşlarda özləri onlara vermiş olur.

Bu gün hələ də “bir uşaq uşağı niyə öldürür” sualına cavab axtarırıqsa, özümüzə sual verməliyik ki, niyə çəmənlikdə qaçan “Haydi” , “Tıq-Tıq xanım”, “Cırtdan”, “Tom və Ceri” , “Nu poqadi”kimi çizgi filmləri əlindəki qılıncı havaya qaldırıb “Güc məndədir” deyən “He-Man” və şiddət motivli digər xarici çizgi filmləri ilə əvəz olunub.


Günel,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər