Xəbər verdiyimiz kimi, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin 7-ci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib.
Bu gun isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlər bildirib ki, məktəbdə tez-tez neqativ hallar baş verir , uşaqlar arasında dava, hətta narkotik çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildirib ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideyinlər bu məslələrə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdiyi, onların qarşısının çətinliklə alındığı da bildirilir.
Məsələ ilə bağlı
Bakupost.az -a 89 saylı məktəbdən verilən açıqlamada deyilir ki, bu gün valideynlərlə məktəb rəhbərliyinin görüşü olub:
“27 noyabr 2023-cü il tarixində 89 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüş zamanı məktəbə kənar şəxslərin daxil olaraq şagirdlərə təzyiq göstərmələri ilə bağlı iddialarla əlaqədar söhbət aparılıb. Müzakirə zamanı söylənilən iddiaların əsassız olduğu və təzyiqə məruz qaldığını iddia edən məktəblinin və anasının ifadələrində müəyyən ziddiyyətlərin olduğu valideynlərin diqqətinə çatdırılıb.
Bildirilib ki, məktəblərdə xüsusi hallar baş verdikdə təhsil müəssisələrinin rəhbərliyi və ya təhsili idarəetmə qurumları tərəfindən operativ reaksiya verilir, müvafiq addımlar atılır. Təhsilalanlarla bağlı münasibətlərin düzgün tənzimlənməsi, şagirdlərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması və ümumilikdə, analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə zəruri tapşırıqlar verilir. Hazırda məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı valideynlərin nəzərinə çatdırılıb”.
Aygün Musayeva, BakuPost