Ru
17:20 / 02 May 2025

Xəzərdə külək enerjisi: strateji layihə nələr vəd edir?

Xəzərdə külək enerjisi: strateji layihə nələr vəd edir?
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

“Yaşıl” enerji əməkdaşlığı ilə bağlı digər sənəd Xəzər dənizinin Azərbaycan sektorunda 2 qiqavat gücündə külək enerjisi layihəsi ilə bağlı olub. Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək. Layihənin inkişafı məqsədilə rəhbər komitə və işçi qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi tərəfindən dəstək göstəriləcək.

Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu tip layihələr Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xəzər dənizində bu miqyasda külək enerjisi layihəsi Azərbaycanın yaşıl enerji ixrac edən ölkəyə çevrilməsi baxımından tarixi fürsətdir:


“2 QVt gücündə stansiya, həm daxili enerji balansında artıma, həm də Avropa bazarına yaşıl enerji ixracına zəmin yaradacaq”.

Azərbaycan Xəzər dənizində mövcud təbii üstünlükləri – sabit və güclü külək axınları düzgün şəkildə dəyərləndirməklə, regionda lider dəniz külək enerjisi istehsalçısına çevrilə bilər.

Çin şirkətləri ilə əməkdaşlıq isə ölkənin texnoloji və maliyyə imkanlarını genişləndirir. Bu, layihənin həyata keçirilmə risklərini azaltmaqla yanaşı, daha sürətli və effektiv icranı təmin edir.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovun sözlərinə görə, dənizdə külək enerjisi - dənizlərin səthində, xüsusən sahilə yaxın bölgələrdə yerləşdirilən külək turbinləri vasitəsilə elektrik enerjisinin istehsal edilməsidir. Bu texnologiya son illərdə bərpa olunan enerji sahəsində mühüm yer tutmağa başlayıb:


“Dənizdə küləklər daha güclü və davamlı olur, bu da daha çox enerji istehsalı deməkdir. Külək turbinləri şəhərlərdən uzaq qurulduğu üçün səs və görüntü narahatlığı yaratmır. Dənizdə yer çox olduğu üçün daha böyük və güclü turbinlər quraşdırmaq mümkündür”.

İqtisadçı ekspert Murad Calalov bildirib ki, dənizin relyefi həm suda, həm də sudan kənarda - sahil ərazilərdə külək turbinlərinin yerləşdirməsinə imkan verir:


“Dəniz ərazisi küləkli olur deyə daha çox enerji əldə etmək mümkündür. Əlavə olaraq, Bakı küləklər şəhəri kimi tanınır. Xəzri, gilavar küləklərimiz var. Bunlardan tam şəkildə istifadə etmək olar. Bizdə gəmiçilik o qədər də inkişaf etməyib. Ona görə də, turbinlərin xəritə üzrə dənizdə yerləşdirilməsi bizim üçün tam optimaldır”.

Ekspert qeyd edib ki, külək enerjisi ekoloji cəhətdən təmizdir, gəliri çox yüksəkdir və ucuz qiymətə əldə edilir:

"Bir külək turbininin quraşdırılması, yerləşdirilməsi digər bərpa olunan enerjilərə nisbətən daha ucuz və asan başa gəlir. Amma günəş enerjisində istifadə edilən panellərin qiyməti nisbətən daha ucuzdur. Alternativ yaşıl enerji içərisində ən ucuzu günəşdir, ondan sonra isə külək enerjisidir”.

M.Calalov bildirib ki, külək enerjisinin səmərəlilik baxımından günəş enerjisinə uduzduğu məqamlar da var:

"Hər hansı böyük bir ərazidə - deyək ki, yarım hektarda bir külək turbini yerləşdirmək mümkündürsə, eyni ərazidə daha çox günəş panelləri yerləşdirmək olar. Bu baxımdan günəş enerjisi daha səmərəli olur. Digər məsələ odur ki, külək enerjisi əldə etmək üçün turbinlər yerləşdirilən ərazinin yaxınlığında tikinti olmamalıdır”.

Ekspert vurğulayıb ki, bu sahə ilə bağlı ölkəmizin müəyyən hədəfləri var:

"Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmanın prioritetlərindən biri kimi müəyyənləşdirilir. Həm də 2030-cu ilə qədər bərpa olunan enerjinin payını ölkə üzrə 30 faizə çatdırmaq hədəflənib”.

Ekspert deyir ki, külək enerjisinin genişləndirilməsi işləri ölkə iqtisadiyyatında önəmli paya malik olacaq:

"Bu sahənin digər ölkələrdə ildən-ilə genişləndirilməsi məşğulluğu artırır. Yüz minlərlə əhali işlə təmin olunur. Hazırda inkişaf etmiş ölkələr, böyük şirkətlər əsas investisiyalarını yaşıl enerji ilə bağlı layihə və planlara ayırırlar. Hansı ölkədə yaşıl enerji planları varsa, həm şirkətlər, həm də dövlət birbaşa olaraq bu sahəyə investisiya ayırırlar. Digər tərəfdən, küləkdən enerji əldə etməklə, bərpa olunmayan neft enerjisinə qənaət etmiş olarıq. Nefti hasil edərək, ehtiyat kimi saxlayarıq, qiyməti qalxanda satarıq. Əgər bu sahə ölkəmizdə genişləndirilərsə, ixrac da daxil olmaqla külək enerjisi sektorundakı gəlir ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə paya malik ola bilər. Ətraf mühitin qorunması dünyada ön planda durduğu üçün bu sahə üzrə ölkəyə külli miqdarda investisiya axını olacağına inanıram. Bu layihə xarici investorların əraziyə cəlbi, beynəlxalq şirkətlərlə enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaratmış olar”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, külək enerjisindən istifadə Azərbaycan üçün yeni bir sahədir. Əgər layihə uğurlu alınarsa, Xəzər sahili boyu külək stansiyaları quraşdırılacaq:


“Xəzər sahilləri həddindən artıq küləkli olur. Bu da külək enerlisinin imkanlarını artırmaq üçün kifayət qədər uğurlu hesab oluna bilər. Ancaq burada bir məqama diqqət yetirmək lazımdır. Əgər biz bu sahəyə böyük yatırımlar qoyacağıqsa, öz mütəxəssislərimiz iştirak etməli və komponentlərin bir hissəsinin Azərbaycanda istehsalı olunmalıdır. Burada əsas məqsəd avadanlıq və təmir işlərində xaricdən asılı olmamaqdır”.

Sevinc,
BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar