Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin köməkçisi Andriy Portnov İspaniyanın paytaxtı Madriddə naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Portnov,2014-cü il "Euromaydan" inqilabında devrilən Yanukoviçin əsas komandasında yer alan yüksək vəzifəli məmurlardan biri olub.
Hadisə Madridin varlı ərazilərindən biri olan Pozuelo de Alarkonda, prestijli Madrid Amerika Məktəbinin qarşısında baş verib. Polis yerli vaxtla səhər saat 09:15-də ukraynalı bir vətəndaşın güllələnməsi barədə məlumat aldığını bildirib.
İspaniyanın "El Pais" qəzeti hücumda iki və ya üç nəfərin iştirakının ehtimal edildiyini, Portnovun bədənində azı üç güllə yarası aşkarlandığını yazıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Zəhra Məlikova,
BakuPost