Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Bakupost.az “Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.
Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur:
– Qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
– Elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək.
***
Eyni zamanda Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan edilir.
Mövcud qanunvericiliyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.
Qanun layihəsinə əsasən isə, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da yol verilməyəcək.
Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
***
Bundan başqa, Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəalarda dəyişiklik ediləcək.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
– birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;
– elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.
Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəaların qanunvericilikdən çıxarılması təklif edilir.
Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.