Ru
11:03 / 02 Dekabr 2020

İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası

3049
Bu gün saat 13:00-da Bakının Xətai rayonunun bir qrup sakini etiraz aksiyası keçirəcək.

“BakuPost” xəbər verir ki, sakinlər rayonun Gəncə prospekti 2942A ünvanında, “Şəms” şadlıq evinin arxasında, qapalı məkanda göydələn tikintisinə hazırlıqdan narazıdırlar.

Tikintini Qaya-İnşaat MTK-nin apardığı bildirilir.

Bina sakinləri saytımıza bildiriblər ki, ölkə başçısına videomuraciət etməyə hazırlaşırlar.

Sakinləri əsas narahat edən məqam budur ki, ərazidə 11 bina yerləşməsinə baxmayaraq, heç birinin normal həyəti yoxdur. Üstəlik, cəmi 4 binada 70 faiz məskunlaşma olduğu halda, artıq ciddi sıxlıq müşahidə olunur. Hətta bunada yaşayanların maşınları sıx park etməsi nəticəsində iri qabaritli maşınların, məsələn, yanğınsöndürənlərin həyətə daxil olması mümkün olmur. Bir neçə ay öncə evlərdən birində baş verən yanğın zamanı yanğınsöndürən maşının həyətə girə bilməməsi mənzlin tam yanmasına və digər mənzillərə keçməsinə səbəb olub.

Məlumata görə, bir neçə ay öncə sakinlərin etirazından sonra Xətai Rayon İcra Hakimiyyəti ərazinin tikinti üçün yararsız olduğunu, Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdiyini bildirib və sakinləri əmin edib ki, həmin yerdə park salınacaq. Aradan keçən müddət ərzində park salınması istiqamətində heç bir iş görülməsə də, bir neçə gündür Qaya-İnşaat MMC göydələn tikintisinin hazırlıqlarına başlayıb. Artıq kommunal xətlər və binövrə üçün qazıntılar aparılır. Sakinlərin növbəti etirazından sonra isə Xətai Rayon İcra Hakimiyyəti vədinə niyə əməl edə bilmədiyini açıqlayıb.


İH-dən sakinlərə deyiblər ki, bu tikintinin arxasında duran məmurun iradəsinə qarşı nə onlar, nə də Şəhərsalma və Arxitektura Komitəsi gedə bilir. Sakinlərin təkidinə cavab olaraq isə icra məmuru bildirib ki, onun adını çəkməyə “icra başçısı da qorxur”.

Sakinlərə o da bildirilib ki, həmin məmur 2015-ci ildə yeri almaq üçün bir milyon manat verib və heç bir halda o yerdən əl çəkməyəcəyini, sıxlığa, 269 saylı məktəbin üstündə olmasına və sürüşmə ehtimalına, tədris üçün məktəbə düşməli işığın qarşısını kəsməsinə və ümumiyyətlə, hər şeyə rəğmən, bina tikməyə qərarlı olduğunu deyib.

Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə də müraciət edərək, mütəxəssislərin gəlməsini və ərazini qiymətləndirməsini tələb ediblər. FHN əməkdaşları əraziyə gəlib, lakin burda tikintiyə hansı əsasla və necə razılıq verdiklərini açıqlamayıblar:

“Bu vaxta qədər FHN əməkdaşları bu istəyə cavab verməsələr də, bina tikintisinə müəyyən məhdudiyyət qoyduqlarını da iddia ediblər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər